Əli Rza XƏLƏFLİ yazır : - ƏJDƏR OL OBRAZI

YAZARLAR 09:00 / 16.03.2026 Baxış sayı: 178

yaxud lo-dan gələn yazı

 

Xalq arasında qəfil gələn bəlaya “lo” deyirlər, bəzi yerlərdə “lov”, bəzi yerlərdə “alov” da deyilməyi var.

Cəmiyyətin içində baş verən hadisələrin “lo”-ya çevrilməyi də var. “Lo” bir çox hallarda cəmiyyəti dəyişməyə, onu yeni axara salmağa xidmət edir, bəzən də yaxşıya, pisə fərq qoymur. Qabağına çıxanı öz axarına alır, ağzına götürür. Görünməzliklərə, bilinməzliklərə aparır.

Azərbaycanın siyasi-mənəvi mühitində son vaxtlar baş verən hadisələr çoxlarını qane edir. İnsafən insanlar nizam, başıpozuq əməllərə düzəm intizarındadır. Ona görə də korrupsiya əməllərinə qarşı görülən tədbirləri əhalinin çox böyük əksəriyyəti razılıqla qarşılayır və mən də bu razı olanların tərəfindəyəm.

Ancaq bəzən axın rənglərə fərq qoymur; az günahı olanla, çox günahı olanın arasında fərq görmür.

Azərbaycan ədəbiyyatının çox istedadlı şairi və tərcüməçisi, “Qəzənfər müəllimgilin Şuşaya yürüşü” povest və hekayələri, “Lo” romanı ilə görkəmli nasir kimi tanınan Əjdər Olun hüquq mühafizə orqanları tərəfindən saxlanılması söz-sənət bilicilərini, ədəbiyyat adamlarını və mənim özümü də çox acı xəbər kimi sarsıtdı.

Yazıçı Əjdər Ol- Əjdər Cəbiyev adı ilə sıradan bir məmur olub. Həyatının az qismini rəsmi dövlət orqanında müəyyən rəhbərliyin tapşırığı ilə icraçı qismində yaşayıb. Zənnimcə, müəyyən tapşırıq və icraçı anlamları qarşı-qarşıya gələndə ölçülər çox aydın görünür. Əgər bu cür yanaşma olsa, Əjdər Olun yazıçılıq missiyası onun günahlarının (əgər varsa) fövqündə dayanır.

Vicdanlı münasibət tələb edir ki, etiraf edək; Əjdər Ol Azərbaycan ədəbiyyatı üçün sıradan bir nəfər deyil. Onun ədəbi kimliyi Azərbaycan mənəvi mühitinin siması olub. Mənim ( və yüzlərlə mənim) kimi sıradan ədəbiyyat adamlarının nəzərində Əjdər Ol (Əjdər Cəbiyev) yaşayan Xaqanidir, canlı Seyid Əzimdir, milli dərdlərin daşıycısı Sabirdir. Onun cəmiyyətdən az müddətə də olsa, təcrid olunması dəyərlərin əzilməsinin təcəssümüdür.

Mən hüquq mühafizə orqanlarının qanunun aliliyinə xidmətini qətiyyən şübhə altına almıram. Ancaq Hüquq Mühafizə orqanlarındakı ali şəxslərin humanist təbiətinə güvənərək xahişimi bildirirəm: Əjdər Cəbiyevə - Əjdər Ola mümkün qədər humanizm prinsipləri ilə yanaşmaq sözə, sənətə hörmətin təsdiqi demək olardı. Ona görə də vəziyyət aydınlaşana qədər zəmanəmizin böyük yazıçısı Əjdər Olu heç olmasa, göz altında saxlamaq şərti ilə azadlığa buraxsınlar.

Hər bir ədəbi mühitin hadisəsi kimi ədəbi tənqidin yaddaşında yer alan əsərləri yaradan sənətkar təkcə ədəbiyyatın milli ruhunun qorunmasına yox, həm də milli düşüncənin qorunmasına təkan veirir. Təkcə elə “Lo” romanı 90-cı illərin əvvəlləri üçün yaddaşın qoruyucusudur, əgər belə demək mümkünsə, ədəbi qaraçuxadır. Nə qədər ədəbi qaraçuxadırsa, bir o qədər də əbədi qaraçuxasıdır. O dövürdə baş verən siyasi hadisələri bu gün hər kəs öz niyyətinə uyğun şərh etməyə çalışır. Kütləni isə biz görmüşük ki, populit çıxışlarla asanlıqla aldatmaq mümkündür. Ancaq Əjdər Ol “Lo” romanı ilə elə bir daş yazısı yaradıb ki, hər vaxt canlı şahid kimi tarixin obyektiv şərhinə sübut olacaq.

Bütün bunları nə üçün xatırladıram: mənə elə gəlir ki, Əjdər Olu düşdüyü mühitin özündə, yaranmış şəraitin özündə qavramaq, dərk etmək vicdani bir iş olardı. Onsuz da hamımıza məlumdur: məmur düşdüyü vəziyyətdə demək olar ki, müstəqil deyil, o, şəraitin diktəsi ilə hərəkət edir.

Qanunlarımızın humanist tərəfi də var; göz altında gözləmək yolu da seçmək olardı. Onsuz da zaman çox səhvləri düzəldir. Təəssüf ki bəzən gec olur.

Dövrümüzün böyük sənətkarı Musa Yaqub deyir ki, Əjdər Olun günahı olsa-olsa Günəbaxan zəmisindən götürdüyü bir tumdur. Bir var bütöv zəmini biçəsən, bir də var zəmidən bircə tum götürəsən. Axı bunların fərqi var. Qanunun humanist mahiyyəti bunu yaxşı bilir.

Bu yazının ikinci başlığında “Lo” sözünü sərbəst verdik, dırnağa almadıq. Yəni təbiətin üstündən keçən bir külək var, buna “lo” deyirlər. Və elə buna müvafiq olaraq cəmiyyətdə baş verən hadisələrin də mahiyyətində lonu görmək mümkündür.

Əjdər Ol – Əjdər Cəbiyev açıq təbiətli adamdır. Onun ziyanını özündən başqa gərək ədəbi mühitin çoxlu simaları yığışıb ödəsin. Çünki Əjdər Ol işıq olanda özünü hamı üçün paylamışdı...

Biz çox məhkumluqların xəcalətini çəkmişik. Repressiyaların ağrısını yaşamışıq. Əjdər Ol – Əjdər Cəbiyev kimi sənətkarın da ağrısını çox istərdim ki, gələcək nəsillər yaşamasın.

Mən inanıram humanizm qalib gələcək...

 

15.02.2021