“Əjdahasan!”
Eh, gidi dünya! Şükür Səlimxanlı sağ olsaydı, Aydın Canın bu əlamətdar gününə hökmən təbrik yazardı. Bir halda əziz dostum aramızda yoxdursa necə deyərlər, qoy onun əvəzinə “güllə” qabağına mən atılım...
Aydın Canla tanışlığımıza səbəb də elə rəhmətlik Şükür olub. O vaxt biz Şükürlə demək olar ki, hər gün bir yerdə olardıq, hətta çox vaxt naharı da bir yerdə edərdik. Sumqayıta köçməmişdən əvvəl Şükür Lənkəranda yaşayıb, televiziyaların birində bölgə müxbiri işləyib. Deyəsən, elə Aydın bəylə tanışlıqları da oradan başlayıb...
Bir dəfə, əslən Lənkarandan olan dostum Fəxrəddinin “Vilvan” restoranında, yenə də Şükürlə əyləşib çay içirdik. Kiminləsə telefonda danışıb mənə dedi ki, bir köhnə dostum var- Aydın Caniyev, tanıyırsanmı? Dedim, yox, tanımıram. İndi gələcək, tanış edərəm- söylədi. Nə isə, Aydın Canla tanışlığım həmin gündən başladı. Bir müddət tez-tez yanımıza gəlir, oturub çay-çörək yeyirdik. Deməyim odur ki, aramızda isti münasibət var idi. Hətta bir dəfə də Cavidan adlı bir yazıçının kitablarını gətirmişdi ki, onların satılmasına yardımçı olaq. Mən də bir neçəsini Sumqayıtda yaşayan həmyerlilərimə satıb pulunu ona verdim. Bu barədə sonra geniş yazaram, indi yeri deyil. Məqsədim Aydın Canı rəhmətlik dostumuzun əvəzinə, ad günü münasibətilə təbrik etməkdir...
Necə deyərlər, Sumqayıt uşaqları öz aralarında bir-birinə bacarığına görə tərif söyləyəndə, adətən belə bir kəlmə işlədirlər- “Əjdahasan.” İndi onların sözü olmasın, Aydın Can jurnalistikanın əjdahalarından biridir. Mən onu Mir Şahindən sonra, ən istedadlı jurnalist kimi tanıyıram. Doğrudur, bir az uzun yazır, amma kişi həqiqətən də gözəl yazır. Əlbəttə, bu bir oxucu fikridir, səmimiliyinə inansaydı yaxşı olardı...
Belə bir deyim var, döyüşdə həlak olan dostunun əvəzinə sən ikiqat döyüşməyə məhkumsan...
Bəlkə də, fikirlərimi qarışdırıb ürəyimdən keçənləri tam ifadə edə bilmədim, amma əminəm ki, Aydın Canı hökmən təbrik edəcəm...
Hörmətli, Aydın Can, mən də Faiq Balabəylinin sosial şəbəkədə təbrikindən xəbər tutdum ki, bu gün Sənin ad günündür. Doğrudur, adamı ölənin adından təbrik etmək olmaz, amma əvəzində olar. Özümdə güc tapıb rəhmətlik Şükürün əvəzinə Səni təbrik edirəm. Belə də ki, aramızda duz-çörək olub- öz adımdan da Sənə uzun ömür, firəvan həyat və yaradıcılıq uğurları arzulayıram. Çox yaşa!
Hələlik...
Hörmətlə, Elman Eldaroğlu