Əbülfət Mədətoğlu "QAÇAQ MƏMMƏDALI»dan yazdı
Bu günlərdə filologiya üzrə fəlsəfə doktoru, dosent Salatın Əhmədovanın redaktorluğu ilə işıq üzü görmüş maraqlı bir kitabla tanış oldum. Elə buradaca əlavə edim ki, kitabın məsləhətçisi fizika - riyaziyyat elmləri namizədi, dosent İsmixan Yusubovdu. Məhz onların diqqət və həm də oxucu marağını nəzərə alan iştirakları nəticəsində işıq üzü görmüş bu kitab Qazax rayonunun məşhur Poylu kəndinin tarixinə, onun uzaq və yaxın keçmişinə həsr edilibdir. Kitabın müəllifi Qasım Əhmədli özü barəsində bu kitabda kiçik bir arayış da təqdim edib.
Həmin arayışdan məlum olur ki, 1952-ci ildə Qazax rayonunun Poylu kəndində doğulmuş Qasım Əhmədli ixtisasca riyaziyyat müəllimidir. Amma buna baxmayaraq, Azərbaycan tarixinə, bütövlükdə isə yaxın, uzaq ölkələrin, xüsusilə türk tarixinin maraqlı izləyicilərindən biridir. Ona görə də Poylu kəndinin tarixi ilə bağlı araya-ərsəyə gətirdiyi bu kitab təkcə Qaçaq Məmmədalının deyil, bütövlükdə Poylu kəndinin tarixini özündə əhatə edir. Belə ki, bir neçə fəslə ayrılmış bu kitabda həm kəndin ümumi tarixi və mənzərəsi, həm Qaçaq Məmmədalı ilə bağlı ayrı-ayrı bölümlər, eləcə də Poyluya qonşu olan kəndlərin, xüsusilə başlanğıcda Poylunun bir hissəsi olan, yalnız kolxozların yaradılması ilə əlaqədar çay sahilindəki yerini dəyişən Qaralar kəndi barəsində bilgilər və ən vacibi isə 1-ci və 2-ci Qarabağ savaşında bu kəndlərdən Vətən uğrunda canından keçmiş igidlər barəsində bilgilər, sonra isə Poylunun ziyalıları barəsində müfəssəl informasiyalar verilmişdi. Xatırlatmaq yerinə düşər ki, bu gün Poylu respublikamızın qəsəbə statuslu yaşayış məskənidi!
Kitabla tanış olarkən mənim diqqətimi ən çox çəkən müəllifin öz qəhrəmanları ilə sadə və anlaşıqlı bir dildə danışması, xüsusilə bölgənin ümumi aurasını bu kitaba gətirməsi oldu. Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Salatın Əhmədovanın da vurğuladığı kimi bu kitabda «Dövrün çətinliklərindən, kolxoz quruculuğundan, repressiyalardan, qaçaqlardan, Qaçaq Qurbandan, Qaçaq Məmmədalıdan danışır». Deməli, bu kitab böyük bir zaman kəsiyini əhatə etməyi bacarıbdır. Bu da onu göstərir ki, kitabın müəllifi zaman-zaman bu kitabı araya-ərsəyə gətirmək üçün axtarışlar aparıb, bilgilər toplayıbdır. Kitaba əlavə olunan şəkillər, eləcə də müxtəlif diaqramlar həmçinin bu kəndin keçmişini bizə xatırladan həvəskar karandaşı ilə çəkilmiş layihələr özü-özlüyündə müəllifin məsuliyyətindən, maraq və yaradıcılıq axtarışından xəbər verir.
Mən kitabla tanış olarkən bir daha əmin oldum ki, bir zamanlar bizə quldur, başkəsən, özgənin var-dövlətini talayanlar kimi təqdim edilən oğullarımız əslində elin-obanın təəssübkeşi olmuş mərd igidlərdir. Bu mərdlikləri də onlara qaçaq həyatı yaşamağı nəsib edib. Həmin çətinlikləri göz altına alan oğullar, yəni qaçaqlar bu gün yenidən tariximizə, ədəbiyyatımıza qayıdıb gəlirlər. Onları da bizə gətirən, bizə tanıdan məhz doğulduğu yurdun, aid olduğu nəslin, elatın Qasım Əhmədli kimi axtarış aparan təəssübkeş müəlliflərdir. Məz bu müəlliflərin xidməti tariximizin zənginləşməsində öz sözünü deyir. Bir oxucu olaraq bu kitab mənə qədim Poylu kəndin ilk ünvanından bu günümüzün Poylu qəsəbəsinə qədər keçilmiş yoldan, həmin dövrün gerçək tarixindən və qəhrəmanlarından, bir az geniş anlamda yanaşanda isə, tarixindən və corafiyasından bilgilər verən mənbə oldu!
Düşünürəm ki, ölkəmizin digər bölgələri kimi, Böyük Sözün, Böyük Ədəbiyyatın yaradıcılarının bir qisminin doğulduğu Qazax bölgəsinin Poylu kəndi barədə bu sənətli əsər çox təqdirəlayiq ədəbi- tarixi nümunədir! İlk öncə isə bu gün Qazaxda, xüsusi ilə Poyluda böyüyən yeniyetmələrin ÖZÜNÜ, TARİXİNİ, KİMLİYİNİ bilmək üçün!