Əbülfət Mədətoğlu : - Acısını
Yazıb , ürək ağrıtdım-
sözümün acısını...
Suya baxıb axıtdım -
gözümün acısını...
Ruhuma dad sızdırdım,
ovudub, yatızdırdım...
Həsrətə dadızdırdım -
dözümün acısını!..
Əlini istilətdim
hənrimlə üstün örtdüm...
İçimdə tüstülətdim -
közümün acısını!..
Əbülfət, gecdi, lap gec
Gizlədə bilmədin heç -
Allahdan, susub da keç -
özümün acısını!..