Coşqun Xəliloğlu : - ORQAN

(DODAQQAÇDI)
Bu əhvalat sovet hakimiyyətinin durğunluq deyilən dövründə baş verib. Kənd camaatı güzəranlarını qismən də olsa yaxşılaşdırmaq üçün rayon mərkəzindəki mal-qara kökəltmə məntəqəsinə min bir əziyyətlə bəslədikləri iri buynuzlu mal-qaranı təhvil verirdilər. Alacaqları pulu isə aylarla, bəzən isə iki ilə qədər gözləyirdilər. Adamlar rayon mərkəzinə gedib-gəlməkdən bezir, bəzən alacaqlarından bir qədər “şirinlik” verməklə halal qazanclarına mümkün qədər tez sahib olmağa çalışırdılar.
Kənddə Bəyağa adlı bir kişi yaşayırdı. Bəyağa özünü şair sayır, şeir adı ilə cızma-qaralar yazıb göndərirdi qəzetlərin redaksiyalarına. Redaksiyalarda onun yazdıqlarını oxuyub, hər dəfə ona təxminən belə məzmunda məktub göndərirdiiər. “...Yazınız bədii cəhətdən çox zəif olduğu üçün dərc edilmədi”. Bəyağa kişi ona gələn məktubu açıb oxuyar, əvvəl kədərlənər, sonra qəzetin ünvanına “Paxıllıqdan dərc etmirlər”, deyərək söylənərdi. O zaman redaksiyalardan oxuculara göndərilən məktublar nəfis tərtibatla xüsusi blanklarda yazılardı. Bəyağa kişi bu blankları elə səliqə ilə bükərdi ki, məktubun mətni görünməzdi. Qəzetin adı və ünvanı yazıimış hissəsini isə Bəyağa çayxanada tay-tuşlarına göstərər,özünü tərifləyərdi. Gah, –Məni bayram münasibəti ilə təbrik ediblər, gah da yaxşı şeir yazdığıma görə mənə təşəkkürlərini bildiriblər. – deyərdi. Ona inamayanlar olsa da, inananlar da var idi. Hətta kənddə danışırdılar ki, qəssab Məhərrəmin oğlunun toyunda Bəyağaya tost demək üçün söz veriləndə o, özünün yazdığı elə gözəl şeir söyləyib ki bütün məclisdəkilər ona, – Əhsən, şair, – deyiblər.
Nə başınızı ağrıdım, Bəyağa kişi bir dəfə camışını kökəltmə məntəqəsinə satır, amma onda səbr hardaydı ki, başqaları kimi aylarla pul gözləsin. Həm də bu şairə hörmətsizlik olardı. On gün keçəndən sonra səliqə ilə geyinib-keçinən Bəyağa kişi gedir camışın pulunu almağa. Müdir əvvəlcə deyir ki, a kişi, pulumuz olanda verəcəyik, hara tələsirsən? Qaşı-gözü qara çıxmısan? Bəyağa kişi ədəb-ərkanla əlini salır cibinə və hirslə bir kağız parçası çıxarıb:
–Bilirsən mən kiməm? Mən “Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı”nın orqanıyam, – deyir.
“Azərbaycan gəncləri” qəzetindən göndərilmiş məktubu Bəyağa kişiyə məxsus mühüm sənəd hesab edən müdirin rəngi qaçır, qorxudan dili-dodağı əsir, tez mühasiblə xəzinədarı çağıtdırıb, “Yerin deşiyindən də olsa Bəyağa müəllimin pulunu tapıb verin.” - deyir. Heç iki saat keçmir ki, kənd şairinin pulu cibində olur.
Bəyağa kişi təhvil verdikləri mal-qaranın pulunu ala bilməyən həmkəndlilərinin yanında qürurla gəzir, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının “orqanı” olmağıyla fəxr edirdi. Ağıllı adamlar Bəyağa kişinin sadəlövhlüyünü başa düşsələr də bunu onun üzünə vurmurdular.
Fakt isə faktlığında qalırdı. Bəyağa kişi satdığı camışın pulunu həmkəndlilərinin hamısından tez almışdı və ona bu pulu “Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının orqanı” “olduğuna” görə vermişdilər.