Cəmil   HÜSEYNOV : - Vətən  AND, şəhidlər QÜRUR  yerimizdi!

HÜQUQ 11:09 / 23.09.2022 Baxış sayı: 3305

Qürur mənbəyimiz olan və qanları ilə dastanlar yazan Şəhidlərinimizi dərin ehtiramla anırıq!

Vətən müharibəsi şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir!

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmasının qarşısının alınması məqsədilə mənfur düşmənin növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhəboyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi.

Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad edilməsi, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və tarixi ədalətin bərpası üçün Vətən müharibəsinə başladı.

Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə canla-başla çalışan mülki insanlarımız, bir yumruq şəklində birləşərək həmrəylik nümayiş etdirən xalqımız düşmənə sarsıdıcı zərbələr endirdi. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən, əks-hücumları qarşısında aciz qalan, yüksək döyüş ruhuna tab gətirə bilməyən mənfur düşməninin təxribatlara əl ataraq günahsız mülki insanları hədəfə alması xalqımızın qələbə əzmini sındıra bilmədi. Cənab Ali Baş Komandanımızın da çıxışlarının birində vurğuladığı kimi: “Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik. Dedik ki, düşməni torpaqlarımızdan qovacağıq!”

Artıq döyüşlərin başladığı ilk günlərdən ordudan gələn qələbə xəbərləri uşağından tutmuş yaşlısına qədər hər kəsi daha da ruhlandırdı, “haqq, ədalət də bizimdir, torpaqlar da bizimdir, qələbə bizimdir” deyərək bir amal ətrafinda dəmir yumruq tək səfərbər etdi. Heç bir qüvvə Azərbaycanı yolundan döndərə bilmədi. Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində də dediyi kimi, “Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur. Ermənistan əsgərinin bizim torpaqda nə işi var?! Bu işğala son qoyulmalıdır və qoyulacaq! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Vətənini şəxsi mənafeyindən üstün tutan qəhrəman oğullarımızın şücaəti, şəhidlərimizin qanı, canı bahasına başa gələn və bütün dünyanın şahidi olduğu bu misli görünməmiş şanlı zəfər “Ermənistanın güclü ordusu var” kimi mifə son qoydu.

Azərbaycan xalqının dəmir iradəsi, ölkənin iqtisadi gücü, möhkəm və müasir ordu quruculuğu və xalq-iqtidar birliyi, qəhrəman oğullarımızın şücaəti ölkəmizin qələbəsini təmin etdi. Düzgün seçilmiş siyasət kursundan, zəngin dövlətçilik və hərb tarixindən ilham alan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Rəşadətli Azərbaycan əsgər və zabitləri yüksək döyüş ruhu ilə irəliyə doğru inamla addımlayaraq torpaqlarımızı son damla qanları bahasına, canlarını fəda edərək azad etdilər.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin
Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Azərbaycan xalqı mətin xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi özünü təsdiq etdi.

Hərbçilərimiz, qazi və şəhid ailələrimiz hər zaman Azərbaycan dövlətinin yüksək diqqət və qayğısı altındadır və bu kateqoriyadan olan vətəndaşlarımıza yüksək diqqət nümayiş etdirilir, müharibənin ağır nəticələri ilə üzləşənlərə həssas münasibət göstərilir.

Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Vətən müharibəsində şəhid olanların ailə üzvlərinin, şanlı qələbə qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi, Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir.

Bununla yanaşı, 8 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu təsis edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr tarixinin Azərbaycanda “Zəfər Günü” kimi qeyd edilməsi qərara alınmışdır.

Hər birimiz peşəmizdən asılı olmayaraq Vətənimizin əsgəri olaraq ölkəmizin istiqlalı və azadlığı yolunda aparıdığımız mübarizədə möhkəm dayanmalı, əməllərimiz ilə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, həmrəyliyini bütün dünyaya sübut etməliyik və beləliklə, yadelli düşmənə qarşı son damla qanlarına qədər vuruşaraq şəhidlik zirvəsinə ucalan şəhidlərimizin hər zaman ruhlarını şad etməliyik. Bundan sonra da düşməni törətdikləri vəhşiliklərə görə peşman etməli, azad olunmuş bütün torpaqlarımızda üçrəngli bayrağımızı əbədi olaraq dalğalandırmaq üçün əlimizdən gələni etməliyik. Şəhid qanı ilə suvarılan müqəddəs torpaqlarımızı qorumaq gələcək nəsillərimizin ən ümdə borcu olmalıdır.

Bu misli görünməz zəfəri bizlərə yaşadan, Azərbaycan xalqının iftixar
və qürur mənbəyi olan Güclü Ordumuzu, rəşadətli əsgər və zabitlərimizi hər zaman dəstəkləyir, onlara hörmətlə yanaşır, Vətən uğrundan canından keçən, tariximizin ən parlaq səhifəsini qanları ilə yazan şəhidlərimizi hər zaman dərin ehtiramla yad edirik!

Yaşasın Azərbaycan!

Yaşasın həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirən Prezidentimiz!

Yaşasın bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirən Azərbaycan əsgəri!

Şərəfli qələbəni bizə yaşadanları hər zaman qəlblərdə YAŞADAQ! 

 

Quba regional “ASAN Xidmət” mərkəzində

Notariat ofisinin xüsusi notariusu

Hüseynov Cəmil Xalid oğlu