Haqq-ədalət bir daha qalib gəlir – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

HÜQUQ 12:57 / 22.04.2024 Baxış sayı: 1493

“Qazağın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılığa gəlinməsi dövlətimizin uğuru və ilk növbədə, Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən, düşünülmüş siyasətinin nəticəsidir. Ölkə rəhbəri bütün maneələri dəf etməyə, məkrli niyyətləri aradan qaldırmağa, Ermənistanın və havadarlarının arzularını gözlərində qoymağa qadirdir.” Bu sözləri  açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri xüsusilə vurğulayıb ki, Rusiya sülhməramlı qüvvələrinin ərazilərimizi tərk etməsi və kəndlərimizin geri qaytarılması bunu bir daha göstərir.

“Qərbin, Fransanın, bəzi parlamentarilərin, əqidəsiz siyasətçilərin anti-Azərbaycan təbliğatı erməniləri qızışdırmaları öz nəticəsini vermədi. Haqq-ədalət bir daha qalib gəlir. Təxribatçıların niyyəti baş tutmur. Kəndlərin qansız, qadasız, diplomatik yolla geri qaytarılması qərarına gəlinməsi sülh müqaviləsinin imzalanmasına ümidləri artırır. Bu razılıq göstərir ki, artıq Paşinyan hakimiyyəti az da olsa reallıqları dərk etməkdə, düzgün yola gəlməkdədir. Çünki qonşu dövlətlərlə, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın inkişafı, gələcəyi mümkün deyildir.

Fransa kimi təcavüzkar dövlətin, avantürist qüvvələrin küyünə getmək, kələyinə uymaq ermənilərin faciəsidir və bu, həmin dövlətin iflasıdır, eləcə də məhvi deməkdir. Çox təəssüflər olsun ki, Ermənistan uzun müddət ilüziyalara uyub, onu oyuncağa çevirən dövlətlərin yağlı vədlərinə inanıb və özünü ağır vəziyyətə salıbdır. Ancaq indi ayılmağın vaxtı gəlib və reallıqlar göstərir ki, heç bir vasitəçi olmadan Azərbaycanla Ermənistan bütün məsələləri özləri, öz aralarında həll edə bilər və bununla da regionda təhlükəsizliyin daimi olaraq təmin edilməsi mümkündür.

Kəndlərimizin geri qaytarılması Azərbaycan vətəndaşlarından yeni bir qürur doğurur və yeni uğurlara daha böyük bir inam yaradır. Sözsüz ki, ölkə rəhbərinin qətiyyətli inamlı çağırışları, möhkəm iradəsi bundan sonra da sülh müqaviləsinin bağlanmasına imkan yaradacaq, Azərbaycanın bütün əraziləri, sərhədləri dəqiq müəyyənləşəcək və Cənubi Qafqazda sülhün bərqərar edilməsi, təhlükəsizliyin təmin olunması regiona yeni töhvələr, yeni uğurlar bəxş edəcəkdir”, deyə Tahir Rzayev bildirib.