Bir xanım haqqında söhbət...
Sədaqət Qəhrəmanova- 75
"Kimsəsizlərə, imkansızlara kömək etməkdən zövq alırdım..."
Elm, təhsil, mədəniyyət və eləcə də həyatın müxtəlif sahələrində çalışan qadınlarımız az olmayıb. Sevindirici haldır ki, aralarında mötəbər vəzifələrdə işləyənləri də var. Onlar cəmiyyətdə həm ana və həm də bir işgüzar qadın kimi öz öhdəliklərini ləyaqətlə yerinə yetirirlər. Bu gün sizə həmin qadınlardan biri- Sədaqət Qəhrəmanovanın haqqında söhbət açmaq istəyirəm.
Sədaqət xanım 1949-cu ildə Şəmkir rayonunda dünyaya gəlib. Orta təhsilini Əli-Bayramlı şəhər(indiki Şirvan şəhəri) 2 saylı məktəbdə başa vurub. Sonra Bakı Axşam Neft Texnikumunun Əli-Bayramlı filialında iqtisadçı peşəsinə yiyələnib. Daha sonra dörd il Bakı Ali Partiya məktəbində təhsil alıb. Bir müddət Əli-Bayramlı şəhər 1 saylı məktəbdə pioner baş dəstə rəhbəri işləyib. Və Əli-Bayramlı şəhər Partiya Komitəsində texniki katibə, şəhər XDS icraiyyə komitəsində ümumi şöbənin müdiri, şəhər Partiya Komitəsində təlimatçı, şəhər Qarışıqmallar ticarət idarəsində rəis, yenidən Partiya komitəsinin ideoloji məsələlər üzrə katibi, sonra şəhər Xalq Nəzarət Komitəsinin sədri, Xalq Deputatları Sovetinin sədri və Əli-Bayramlı şəhər icra hakimiyyəti başçısı, sonradan şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 2005-ci ildən indiki Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində işləyir. Xidmətləri "Şöhrət" və 2-ci dərəcəli "Əmək" ordenlərinə, eləcə də "Əməkdar dövlət qulluqçusu" fəxri adına layiq görülüb...
Pakistanın sabiq baş naziri Benazir Buhuttonun gözəl bir deyimi var: “Qadın lap ölkəsinin baş naziri olsa belə, evinə daxil oldusa övladlarının anası, ərinin xanımıdır.”
Deyir ki;- “Mən ailə həyatı quranda 34 yaşım var idi. İndiki Şirvan şəhər Partiya Komitəsinin ideoloji işlər üzrə katibi vəzifəsində çalışırdım. Təbii ki, həyat yoldaşım da bunu bilirdi. Evlənməzdən öncə işləyib-işləməmək mövzusu ortaya gələndə, ona söylədim ki;- “İşimdən kənarlaşmaq fikrim yoxdur. Mənə evlənmək təklifi etməklə bunları da gözə alırsanmı? Çünki sabah desən ki, işindən ayrıl. Bu mümkün olmayacaq”. O zaman o, qərarının qəti olduğunu və hər bir şeyi gözə aldığını dedi. Eləcə də- “düşünərək bu addımı atıram”- söylədi.”
Və bu minval ilə xeyli müddətdir ki, bir ocaqda qoşa yaşayırlar. Dörd övladları var.- üç qız, bir oğlann. Ömür-gün yoldaşı Daməd kişi təqaüddə olan polis zabitidir…
Sədaqət xanım yuxarıda sadaladığım vəzifələrə işgüzarlığı və bacarığı ilə nail olub...
“O vaxt vəzifədə işləmək qadınlar üçün çox çətin idi. Cəmiyyət bunu birmənalı qarşılamırdı. İnsanlar arsında belə düşüncə var idi ki, guya vəzifəli qadın nə mətbəx işlərini bacarır, nə də ki, ailəsinə vaxt ayıra bilir. Əksinə, bir çox evdar xanımlar ailə öhdəliklərini daha aşağı səviyyədə yerinə yetirir, nəinki işləyən qadınlar. Vəzifəli xanım məsələsinə gəldikdə isə, öz təcrübəmdən deyə bilərəm ki, vəzifədə çalışan qadın hər bir məsələyə daha məsuliyyətli, həssas və diqqətli yanaşır. Onu da deyim ki, mən heç vaxt vəzifə başında olduğum üçün fərəhlənməmişəm. Bunu özümə Allahın verdiyi fürsət kimi dəyərləndirmişəm. İcra başçısı işlədiyim dövrdə çətin vəziyyətdə olan ailələrə, xüsusilə də qadınlara, kimsəsizlərə, imkansızlara kömək edə bildiyimdən zövq almışam...”- söyləyir.
Şirvan şəhəri Sədaqət xanım üçün yad şəhər olmayıb. Həmin şəhərdə böyüyüb boya-başa çatdığına görə, oranın hər bir qarışı ona doğma və əzizdir. Birinci katib, sonradan icra başçısı işləyəndə də mötəbər vəzifə tutmasına baxmayaraq, çox vaxt işə piyada gedib gəlib. Yolda insanlarla ünsiyyətdə olub, hal-əhval tutub, problemləri ilə maraqlanıb. Bütün bunlar ona hörmət və rəğbət qazandırıb...
Deyir ki,- “Ölkəmizdə gender siyasəti olduqca uğurla davam edir. Sevindirici haldır ki, bu gün qadınlarda ictimai fəaliyyətə maraq artmaqdadır. Digər tərəfdən, bu həm də, bizim komitənin yerlərdə qadınlar arasında apardığı maarifləndirmə işinin müsbət nəticəsi sayıla bilər. Sevindirci haldır ki, artıq qadınlarımız öz yaşadıqları kəndlərdə müəllimə, həkim və ya hər hansı bir işdə işləməklə yanaşı, bələdiyyələrdə təmsil olunmağa da maraq göstərirlər. Bizim bələdiyyələrə seçilən qadınlarımızla bu gün də çox yaxşı əlaqələrimiz var, bu əlaqələri davam etdiririk, onların problemləri ilə yaxından tanış oluruq, müəyyən mənada dəstək olmağa çalışırıq. Qadınların bələdiyyələrdə təmsilçiliyi olduqca vacib məsələdir. Bu gün əgər biz kəndlərdə qızlarımızın erkən nigahı problemindən və ya kənddə yaşayan qadınların ortaya çıxan problemlərindən, o cümlədən, kəndlərdəki sosial problemlərdən danışırıqsa, sözügedən çatışmazlıqların aradan qalxmasında həmin qadınların böyük rolu ola bilər. Ölkəmizdə keçirilən sonuncu parlament seçkisinin nəticələrinə əsasən də qadın millət vəkillərimizin sayının artdığını müşahidə etdik. Bəzən gender balansı dedikdə həmin anlayışı yarı-yarıya kimi qavrayırlar. Bu heç də belə deyil. Məsələyə kompleks şəklində yanaşılmalıdır. Əsas odur ki, qadınlar ictimai fəaliyyətlə məşğul olmağı tam varlıqları ilə istəsinlər, öz işlərinə can yandırsınlar. Bu istək olduğu halda həmin qadın həm evindəki analıq, həyat yoldaşı olmaq kimi məsuliyyəti tam həyata keçirər, həm də tutduğu postda öz işini uğurla icra edər. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, hər bir dövlət postu qadın üçün ikiqat məsuliyyətdir. Bu baxımdan, gender məsələsinə incə yanaşma sərgilənməlidir...”
Müdrik və məğrur xanımdır. Adi qadınlardan çox fərqlənir. Uzun illər rəhbər vəzifələrdə çalışdığı üçün, əsl kişilərə xas olan bir sıra xüsusiyyətləri özündə ehtiva edə bilib. Heç vaxt artıq-əskik danışmır. Zabitəlidir. Sözü üzə deməyi bacarır. Mərdanə davranışı var. Onunla həmsöhbət olmaq adamdan ciddilik tələb edir. Şit zarafatlara, etikadan kənar sözlərə çox həssasdır. Necə deyərlər, düşüklüyə, müştəbehliyə qarşı amansızdır. Amma bütün bu xüsusiyyətlərlə yanaşı, həm də çox qayğıkeş və mehriban xanımdır...
Hər dəfə adı gələndə “Firəngiz” bədii filmi yadıma düşür. Həmin filimdə rəhmətlik Vəfa Fətullayeva rayon partiya komitəsinin birinci katibi Firəngiz Talıbovanın obrazını çox gözəl yaradıb. Firəngiz qayğıkeş olduğu qədər də sərt və barışmazdır. O, nəinki təkcə həmyerlilərini, hətta sevimli əri, tədqiqatçı Muradın (Rasim Balayev) və onun dostlarının nöqsanlarına dözmür, güzəştə getmir. Muradın yalan faktlar əsasında yazılmış elmi işinin yararsız olduğunu sübut edir, ərinin əliəyri "dostlarının" cinayət törətdiklərini üzə çıxarır. Çətin də olsa, əliəyrilərin, natəmizlərin ifşa olunmasına nail olur və səmimi münasibəti, mehribanlığı, dürüstlüyü ilə hamının rəğbətini qazanır...
Bəli, haqqında söhbət açdığım Sədaqət xanım da tələbkarlığı, işgüzarlığı ilə ölkədə tanınan rəhbər qadınlardan biridir. Martın 1-də 75 yaşı tamam olur. Bu münasibətlə onu ürəkdən təbrik edir, möhkəm can sağlığı arzulayıram...
Çox yaşayın, Sədaqət xanım!
Hörmətlə, Elman Eldaroğlu