Bəxtiyar Vahabzadə : - Dünyanın

Gündəm 13:15 / 14.02.2025 Baxış sayı: 2283

 

Baş çıxarmaq həm çətindir, həm asan

İblisindən, mələyindən dünyanın.

Adəm satdı bir buğdaya cənnəti,

Tora düşdü kələyindən dünyanın.

 

Nə gözəldir, ürək geniş, söz açıq,

Yaşamadım bir sevdamı yarımçıq.

Əzab adlı dəyirmandan narın çıx,

Keçəcəksən ələyindən dünyanın.

 

Arzum üçün mələyən bir cüyürdüm,

O təpədən bu təpəyə yüyürdüm.

Niyə qorxum kəfənindən?

Nə gördüm

Beşiyindən, bələyindən dünyanın?

 

Ey Bəxtiyar, zaman ömrü əridər,

Ölümümüz axan vaxta borc ödər.

Arxasınca palaz kimi sürüdər

Bərk yapışsan ətəyindən dünyanın.