Bəhram Bilaloğlundan ÜÇ ŞEİR

Göz yaşımla namə yazdım,
Zindandakı Yusiflərə.
Sözlər yazdım,təbdən gələn-
Hicrandakı Yusiflərə.
Dünya üçün yaşamayan.
Mülkü, varı daşımayan.
Günahlara qovuşmayan-
Əhsən olsun ariflərə.
İlahidən gələn səsdi.
Eşidənlər deməz bəsdi.
İman, təqva eşqdən əsdi.
Səpin eşqi təriflərə.
İbrətdir keçdiyin bu yol.
Həsəd etmə,keç,özün ol.
Böhtana çəkdiyin o, qol,
Ötürməz ki, təhriflərə.
Qəmli notlar...
Dünya varın kölgə edən,
Sanma,səni qoruyacaq.
Titrədəcək hər nəyin var,
Canın belə quruyacaq.
Varsa zatında yaxşılıq,
Əsirgəmə,et məzluma.
Ruha dərman qılsan,sədi,
Fikir vermə heç məfhuma.
Gözlər görmədən ölməz can,
Aşkar olar hər insana.
Əfvə sığmaz günahların,
Qıyma zəhri fəqir cana.
Qəmlər yedim səndən ötrü,
Arxalını arxa bildin.
Səhv qərarlar verən kəslə,
Razılaşdın,çarxa getdin.
Milyon xərclə,nə faydası,
Almış fələk ağuşuna.
Məzlumların ahıdır ki,
Çatdın nəfsin qarğışına.
***
Yarpaq kimi tökülür,
Ömürdəki illərim.
Unudulmaz iz salır,
Bəyaz saçım,tellərim.
Xatirələr parlayır,
Danışıram,gülürəm.
Zaman boyu qüsuru,
Həya ilə silirəm.
Xəyalıma gələnlər,
Açılmayan sirr olur.
Sevgi verən kəslərim,
Torpağımda pir olur.
Ucalan ümidlərim,
Böyüyür eşq adıyla.
Solmayan məhəbbətim,
Eşqin səpir dadıyla.
Budur həyata baxış,
Bət(i)ndən məzaracan.
Yaşat məhkum eşqini,
Fənadan səttaracan.