Ayaz Arabaçı :- Yazıram sənə...

Ədəbiyyat 08:24 / 15.06.2024 Baxış sayı: 970

 

Bir az axşamların qəribliyindən,

Bir az üstümdəki tütün iyindən,

Bir az da qəlbimi üzən qüssədən,

Bir az da nə bilim, nə bilim nədən.

Yazıram sənə...

 

Bilmək istədiyin min-min ayədən,

Yarıda qoyduğun bir hekayədən

Ömrümə-günümə saldığın izdən,

Meşədən, bulaqdan çaydan, dənizdən,

Bunun içində də bir azca bizdən,

Yazıram sənə..

 

Hərəsi baş alıb bir yana gedir,

Dil tapa bilmirəm ayaqla-qolla.

Alovu hələ də yaxır köksümü.

O köhnə məktubu tap mənə yolla..

Gətirsin bir günlük səni bahardan,

Özüm də bilmirəm,nə bilim hardan ,

Yazıram sənə..

 

Vuruldu hamısı qanadlarından,

Yoxdu gördüyümüz o quşlar indi.

Bir az da çoxalıb çəliyə həvəs,

Bir az da çoxalıb yoxuşlar indi..

Ötəndə balaca könlümün sazı-

Gündə əlli dəfə, yüz dəfə azı

Yazıram sənə.

 

Yorğun ayaqlarım dirənib qalıb,

Minillik bir qala divarı kimi.

Hamı bu dünyada gəldi-gedərdi,

Tökmə göz yaşını mirvari kimi.

Şair nə demişdi, sən də sal yada,

Nə var xatirədən gözəl, dünyada..

Könlümdə fırtına, yağış, qar, külək,

Ciddi ağrılarla çırpınan ürək.

Daim ruhumdasan baxma ki,

seyrək,

Yazıram sənə..