AğamirCavad - MƏNİ BAĞIŞLAYIN
Uşaq çağlarımda, eyləmədən dərk,
Qaranquş yuvası uçurmuşam mən.
O gündən bəxtimə qəm yaxır fələk,
Kəsir yollarımı elə duman, çən.
Demə, dünya boyda etmişəm günah,
De kim bağışlayar belə günahı?
Hər yada düşəndə çəkirəm min ah.
Bu dərdi de necə yuyum, İlahi?
Daim dərs alıram imandan, dindən.
Ağrıma, acıma dünya gəlir tən.
Peşiman olsam da, elə o gündən
Bir quş qapısına tuş gəlmişəm mən,
Dərdi yuya bilmir nə dövlət, nə var,
Varmı belə dərdə sinəsin gərən?
Mənim günahımı kim bağışlayar,
Kimdən üzrxahlıq eyləyim görən?
Bağışla gəl məni, ana Qaranquş,
Bağışla sən məni, ata Qaranquş.
Qəlbimin dağların bürüyübdür ah,
Bağışla, sən məni bağışla, Allah,
O vaxtdan od düşüb elə bağrıma,
Baxın, şahid olun ürək ağrıma,
Məni bağışlayın uşaq ağlıma.
Dünyaya nur saçan çıraq ağlıma.
O vaxtdan başımda dolanır duman,
Bu günah ağrısın çəkə bilmirəm.
Bir quş yuvasını dağıtdığımdan
Hələ də bir yuva tikə bilmirəm.
Qəlbimdən yumaqçün qəm ləkəsini,
O gündən nə qədər yaxşılıq etdim,
Kəsib boğazımın son tikəsini,
Yetənə əl tutdum, köməyə yetdim,
Etdiyim savablar o qədər çoxdur
Hesaba sığışmır, saya bilmirəm.
Nə qədər ağırmış etdiyim günah,
Hələ bu günahı yuya bilmirəm.
Daima mən səndən ummuşam pənah,
Qəlbimi min dəfə çəkmisən dara.
Bağışla sən məni, bağışla, Allah,
Bağışla etdiyim yaxılıqlara