Qəşəm İsabəyli : - GÜNƏBAXAN VƏ GÜNƏŞ
(hekayə)
Yaz yuxusu şirin olur. Səhər tezdən oyanmaq istəmirsən heç.
Elə ki, həyətdə xoruz banlayır, cücələr də ona qoşulur, hiss eləyirəm ki, üzümdə kölgələr dolaşır. Dalıyca da səp-sərin yel əsib keçir. Sifətimə işıq düşəndə kirpiklərimi yavaşca aralayıram – guya yuxu görürəm. Gözlərimi açıram ki, anamdı – çarpayımın ayaq ucunda oturub, diqqətlə mənə baxır.
Gülürəm:
–Görməmisən məni, ay ana?!
–Ay Şəmşəm, qorxdum ki, səni çağırıb yuxudan oyatsam, diksinərsən birdən. Bildim, üzünə bax¬dığımı hiss elə¬yə¬cəksən.
–Sən mənim anam deyilsən!
–Niyə, ay bala?!
Yerimdən atılıb, boynunu qucaqlayıb, üzündən öpürəm:
–Qulağını bəri elə!
Anam gülüb, məni qucağına alır.
–Ana?!
–Can!
–Sən mənim günəbaxanımsan!
Anam:
–Sənə qurban olum, gözümün işığı! – deyib, sinəsinə sıxır məni.
10-11.06.2026