Fərhad Tapdıqoğlu - Düşüncələr

YAZARLAR 10:00 / 11.06.2026 Baxış sayı: 498

 

Xəzərin sahilində

 

Dalğalar ağzı köpüklənə-köpüklənə sahilə hücum çəkir .Sonra sakitləşərək geri çəkilirlər.

Yəqin hirsi soyudu dalğaların...

Bir azdan isə sahili qucaqlayır,tumarlayır,sığallayır, öpüşlərə qərq edir dalğalar...

Sahil də çox sevir dalğaları,ləpələri...

=

Ləpələr yuxudan güclə oyanan tənbəl sahilin üzünü yuyurlar...

=

Dalğalar sahilə ağ yorğan sərir,narın qumlara soyuq olmasın deyə...

=

Dənizi sanki xışlayıblar, şumlayıblar...

=

Dalğalar dənizdə təmizlik işlərini davam etdirirlər.

Sahilə xeyli qum,yosun,balıqqulağı ...çıxarıblar.

Dalğalar da,ləpələr də gecə-gündüz yorulmadan işləyirlər...

=

Dənizi bir üzündən o biri üzü görünməyən kələ-kötürlü şüşələrlə şüşələyiblər sanki...

=

Günəş başını qaldırıb,yavaş- yavaş dənizdən çıxır.

Sahilə sanki xalı döşənib.

Sahil Günəşi bayram əhval -ruhiyyəsi ilə qarşılayır.

Günəş də nurunu bir piyaləyə doldurub ,onu seyr edənlərə göndərir.

Oyananların sayları artdıqca piyalə də böyüyür...

Oyanıb,dəniz kənarına gələnlər Günəşdən nur paylarını alırlar...

=

Dəniz hələ də coşub daşır.

Dalğalar dişlərini qıcayıb,sahili döyəcləyirlər...

Günəş başını qaldırıb,oğrun-oğrun ətrafa boylanır.

Sonra asta-asta dənizdən çıxır,axşam batdığı dənizdən...

Şükürlər olsun ki,Günəşimiz sağ-salamatdır...

Dənizin üzü al-qırmızı rəngə boyanır...

Dəniz bəlkə Günəşi özündə batırdığından ,amma Günəşin sağ -salamat qalmasından xəcalət çəkir?!

Ömrümüzə növbəti dəfə Günəş doğdu!...