Coşqun XƏLİLOĞLU - Tanıyaq şəhidləri, tanıdaq şəhidləri
Teymur
Əslən Kürdəmir rayonunun Axtaçı kəndindən olan, Bakı şəhərində doğullmuş, Qarabağın azad olunması uğrunda döyüşlərdə şücaət göstərərək, qəhrəmanlıqla şəhid olmuş, şəhadətindən sonra “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə", “Laçının azad olunmasına görə" medalları ilə təltif olunmuş Teymur Tağı oğlu Zeynalovun ölməz xatirəsinə ithaf edirəm.
“-Ata, məqam çatıbdır, getməliyəm döyüşə,
Yolumuzu gözləyir, intizarla, dağ, meşə.
Şərəfsiz yağıları Vətəndən qovmalıyıq,
Onları məhv eyləyib, gözlərin ovmalıyıq.
Həyatdır, hər şey olur, mən də elin oğluyam,
Vətən mənim canımdır, bu Vətənə bağlıyam.
Heç nə əvəz eyləməz, Vətən məhəbbətini,
Borcumdur, çəkməliyəm, torpağın qeyrətini.”
Evdən gülərək çıxdı, vidalaşaraq Teymur,
Ata oğluna baxdı, qəlbində duyudu qürur...
Atıldı döyüşlərə, cəsur imiş nə qədər,
Biri də boşa getmir, Teymur atan güllələr.
İrəliləyir ordumuz, hücumdadır igidlər,
Azad olur yurdumuz, çiçəkləyir ümidlər.
Füzulimiz uğrunda ağır döyüş zamanı,
Teymur şücaətiylə, yazdı hünər dastanı.
Elə mərdlik göstərdi, dostları qaldı heyran,
Şəhid olarkən dedi: -Yaşa, can Azərbaycan!
Mühəndis-neftçi idi, arzuları tükənməz,
Vətən şamına döndü, əbədi, yanar-sönməz.
Hər qaranlıq gecənin günəşli gündüzü var.
Şəhidim görmədiyi, əmanət Oğuzu var.
Teymur kimi oğullar, yaşayırlar əbədi,
Onlar qaytarıb bizə, Şuşa adlı məbədi.
04.06.2022