Ayaz Arabaçı - İÇİNDƏYƏM
Olsun ki, xəyalların arxasınca qoşmusan,
Hisslərin nəğmələnib,bir balaca coşmusan,
Bir yaxın tanışımdan kefimi soruşmusan,
Sənsiz həyat zəhərdir, sanki öd içindəyəm.
Mən belə gözləmirdim bu romanın sonunu,
Zaman aşağı saldı səsimizin tonunu,
Nə cür söyüm soyuyum mobil telefonunu,
Nə zaman yığıramsa düüd, düd içindəyəm.
İstədiyim məkanda an içində oluram,
Candan çıxıb bir özgə can içində oluram,
Adətən yuxularda qan içində oluram,
Amma gördüm bu gecə dümağ süd içindəyəm
Qızıl üzük misalı qaşımı itirmişəm,
Bir həsrət vağzalında başımı itirmişəm,
İllərin qovgasında yaşımı itirmişəm,
Heç bilmirəm mən hansı təvəllüd içindəyəm.
Gəlsin demisən amma, yaz görüm hara gəlim,
Könlün necə istəyir, ağ gəlim, qara gəlim?
Bir dəfə olmayıb ki, qəti qərara gəlim,
Ağlım kəsəndən bəri tərəddüd içindəyəm.