Ayaz Arabaçı - Bu istidə bir şah haqqında yazmaq özü də bir igidlikdir.

YAZARLAR 20:22 / 09.08.2026 Baxış sayı: 779

 

Şah İsmayılçı deyiləm. Ümumiyyətlə, gəlib-getmiş şahlara, hökmdarlara qarşı içimdə xüsusi bir rəğbət hissi yoxdur. Mən insanları tacına, taxtına, tutduğu vəzifəsinə görə deyil, tarixdə qoyduğu izə, gördüyü işlərə və xalqının taleyinə təsirinə görə qiymətləndirməyin tərəfdarıyam.

Eləcə də Şah İsmayılı..

Şah İsmayıla tarixi şəxsiyyət baxımından yanaşanda məsələ tamam başqa müstəviyə keçir.

Şaha yalnız bugünkü siyasi və ideoloji baxışların pəncərəsindən baxmaq qətiyyən doğru deyil . Onu yaşadığı dövrün şərtləri, həmin dövrün siyasi xəritəsi, dövlətlərarası münasibətləri, dini-siyasi qarşıdurmaları və regiondakı mürəkkəb proseslər fonunda dəyərləndirmək lazımdır. Bu gün çoxu çox şey deyə bilər. Amma əti-budu Şah İsmayılın çeçələ barmağına dəyməyənlərin hansı təlimat altında qırıldamağı şaha vız gəlir.

Şah İsmayıl sadəcə bir şah deyildi. O, çox gənc yaşlarında böyük siyasi və hərbi qüvvə yaratmış, müxtəlif tayfaları öz ətrafında birləşdirərək dövlət qurmuş, həmin dövlətin siyasi və mədəni istiqamətinin formalaşmasında mühüm rol oynamış tarixi şəxsiyyətdir. Onun şah İsmayıl adı Azərbaycan tarixində Səfəvilər dövləti ilə, Xətai adı isə Azərbaycan ədəbi-mədəni irsi ilə ayrılmaz şəkildə bağlıdır.

Əlbəttə, onun fəaliyyətində mübahisəli, ağır və bu gün qəbul edə bilmədiyimiz məqamlar var. Tarixin böyük şəxsiyyətlərini bütləşdirmək qədər onları yalnız mənfi tərəfləri ilə təqdim etmək də düzgün deyil. Tarixə münasibətdə ən təhlükəli şeylərdən biri hazırkı düşüncələrimizi keçmişin insanlarına olduğu kimi tətbiq etməkdir.

Mən Şah İsmayılı müdafiə etmək üçün bunları yazmıram. Onu tərifləmək üçün də yazmıram. Sadəcə düşünürəm ki, tarixdə iz qoymuş insan haqqında danışarkən hisslərimizi bir qədər kənara qoyub faktlara baxmağı bacarmalıyıq.

Şah İsmayılın şah olması mənim üçün onun üstünlüyünün göstəricisi deyil. Əksinə, mənim üçün maraqlı olan budur, o, tarix səhnəsinə çıxanda nə etdi, hansı siyasi uğurlara imza atdı.

Eləcə də Azərbaycan türkcəsinin və ədəbiyyatının inkişafında hansı izləri qoydu və özündən sonra hansı tarixi mirası buraxdı?

Bu suallara cavab axtaranda Şah İsmayılı sadəcə “şah” kimi görmək mümkün deyil.

O, həm siyasi xadim, həm sərkərdə, həm dövlət qurucusu, həm də Xətai təxəllüsü ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan şairdir.

Tarix böyük insanları sevmək və ya sevməmək üzərində qurulmur. Tarix onları anlamaq üzərində qurulur.

Mən Şah İsmayılçı deyiləm.

Amma Şah İsmayılı tarixdən silmək, onu yalnız bir siyasi etiketə sığışdırmaq da mənə görə tarixə münasibət deyil.

Çünki tarix bizim xoşumuza gələn adamlardan ibarət deyil.

Tarix həm də bizimlə razılaşmayan, mübahisə doğuran, haqqında müxtəlif fikirlər yaranan insanlardan ibarətdir.