Çingiz Əlioğlu - Qarışqa payı
Bu gün tamam ayrı, tam başqayam mən,
Bir kəsək dalında, qum kölgəsində
Gizlənə bilən bir qarışqayam mən!
Qurdların, quşların dişi dibində,
Neçə böyüklərin cibi dibində
Gizlənib dən payım, hər qıxmıq payım.
Bu gün tamam ayrı, tam başqayam mən,
Çiynində özündən nə qədər ağır -
Böyük yük gəzdirən qarışqayam mən.
Nə olsun ağırdır dünyanın yükü?
Özləri özümdən heç seçilməyən,
Hər an harayıma yüyürüb gələn
Qarışqa dostlarım, qardaşlarım var,
Başqa sirdaşlarım, yoldaşlarım var!
Çəkib apardığım yükün siqləti
Sanmayın haçansa məni əzəcək, -
Dünya arpa dəni, qarabaşaq tək,
yerimi tutmağa həmişə hazır
Dostların çiynində yenə gəzəcək...