Ağamir  Cavad - DƏRDİŞ

Ədəbiyyat 22:00 / 08.08.2026 Baxış sayı: 466

 

Ustad deyir ki, dərdiş, dünya çox etibarsızdı...Düz deyirmiş...

Sərvaz Əsgərli

Bu dünya göz yaşı ağırlığında,

Üzdüyün qəm dolu dəryadı, dərdiş.

Nur niyə görsənmir Sina dağında,

Yoxsa yazılanlar röyadı, dərdiş?

 

Qarışıb xeyir-şər, gör neçə qatdı,

Kim kimə əl tutdu, kim kimə atdı?

Kimlər yalanıyla dünya yaratdı,

Kimlər həqiqəti hayladı, dərdiş?

 

Dünya soyunubdur həyasın, arın,

Verir zalımlara dövlətin, varın.

Qəmində boğulan günahsızların

Göylərə çatmayır fəryadı, dərdiş.

 

Dağ-dağ sinələrdə həsrətin dağı...

Bir üzü layladır, bir üzü ağı.

Qılıncla şumlanan əkin torpağı

Qanla suvarılan tarladı, dərdiş.

 

Zaman ömrü-günü düzgün bölməyir,

Gələnlər doyunca deyib-gülməyir.

Heç kim öz vaxtını ötə bilməyir,

Ömrünü ovlayır səyyadı, dərdiş.

 

Həqiqət talanır xırsız dünyada,

Hakimi fahişə, arsız dünyada.

Allahın unudan haqsız dünyada

Allahlıq edənlər parladı, dərdiş.

 

Tanıya bilmədi doğmanı, yadı,

Yordu haqq yolunda neçə ustadı.

Yaxşıyla yamanı ayırammadı,

Dünya etibarsız dünyadı, dərdiş.