Kəmaləddin Qədim - DƏRDİMƏ ŞÜKÜR, İLAHİ...
Dünya yaman sıxır məni,
Çəkirəm fikir, İlahi...
Yıxanlarmı yıxır məni,
Yer-göymü çökür, İlahi?..
Bu tində, küncdə nə qədər,
Dözüm bu gücdə nə qədər?
Ehtiyac səcdənə qədər
belimi bükür, İlahi...
Hərə bir adnan çıxarır,
Çörəyi oddan çıxarır.
Yoxluğun yaddan çıxarır,
Varlığın çəkir, İlahi...
Gün varmı bu gündən betər,
Bu dumandan, çəndən betər?
Dərdli gördüm məndən betər,
Dərdimə şükür, İlahi...
Heç bilmədik nə var göydə,
Ahlar qalxıb susar göydə.
Ya durmağı bacar göydə,
Ya da ki, çəkil, İlahi.