Yadigar Təvəkgul : - Nanəli çay.....

YAZARLAR 10:50 / 07.08.2026 Baxış sayı: 731

 

 

Ünvanlıdır ha

Xatirələr dilə gələndə özündən aslı olmayaraq bir çay süzür əllərin. Gözlərin buxarına dikilib neçə xatirəni dəmə qoyur,dəmdən alırsan.

Gözlərindən süzülən qəlbin yükü damla damla fincana süzülür.onda başa düşürsən ki, bəzi çaylar susuzluğu yatırmır. Onlar insanın həsrətini dinləyir, ürəyinin səsini eşidir və səssizcə deyirlər: "Keçən günlər geri dönməsə də, onların istiliyi həmişə səninlə qalacaq."Çayın da, sevginin də öz dəmi var. . O, xatirələrin qoxusu, həsrətin nəfəsi, yorğun ruhun dincəldiyi kiçik bir liman olur. Hər qurtumunda bir iz, hər buxarında deyilməmiş bir söz gizlənər. Bir fincan çay bəzən sadəcə içki olmurElə buna görə də bəzən çayı şəkərlə deyil, xatirələri ilə içirlər..

Bilənlər bilir ki mən bitki çaylarını çox sevmirəm, ümumiyyətlə ətri gələn çayları heç xoşlamıram.Səndən sonra çayın dadı dəyişdi, təbiət öz dadını veridi sanki. Hüzünlü bir dad, sakitlik gətirən ətir.Bəlkə də insan ömrü bir fincan çay qədərdir. Qaynayanda coşqun, dəmdə olanda mənalı, soyuyanda isə qiyməti bilinən...Biz həyatı çox vaxt yaşadığımız anda dərk etmirik. Dəyərini itirdiklərimiz öyrədir bizə. Elə sevgi də belədir. O, qovuşanda yox, həsrətə çevriləndə insanın ruhuna toxunur. Mən düşünürdüm ki, insan sevdiyi üçün xoşbəxt olur. Sonra anladım ki, insanı böyüdən xoşbəxtlik deyil, həsrətdir. Həsrət ürəyin müəllimidir. O, insana səbir öyrədir, sükut öyrədir, özünü tanıdır.Bəzən elə gəlir ki, biz insanları deyil, onların bizdə oyatdığı hissləri sevirik. İnsan gedir, amma hisslər qalır. Yoxluğu varlığından daha çox danışır. Çünki xatirələr heç vaxt keçmişdə yaşamır. Onlar hər gün bizimlə birlikdə nəfəs alır. Zamanın qəribə bir ədaləti var. O, heç nəyi geri qaytarmır, amma hər şeyi yerinə qoyur. Dünən cavab tapa bilmədiyin sualın cavabını illər sonra bir fincan çayın buxarında tapırsan. Onda anlayırsan ki, bəzi ayrılıqlar cəza deyil, insanın özünü tanıması üçün verilən imtahandır. İnsan bəzən taleyə etiraz edir. Sonra başa düşür ki, talenin susduğu yerdə hikmət danışır. Biz itki hesab etdiyimiz hadisələrin əslində bizi özümüzə qaytardığını çox gec anlayırıq.

Səhər diqqətimi fincanda qalan, atmağa əlim gəlməyən çaya sataşdı. Sanki gecənin bütün həsrətini özünə çəkmişdi.Soyumuşdu... Amma qəribədir, bəzi çaylar soyuyanda dadını itirdiyi kimi, bəzi xatirələr də soyuduqca daha çox danışır. Fincanda qalan,soyuq çay sanki içilmək üçün yox, düşünmək üçün saxlanılmışdı. Əlimi fincana uzatdım. Lakin götürmedim. Sadəcə baxdım. Çünki bəzi şeylərə toxunmağa ürək edirsən, amma onları dəyişməyə cürət etmirsən. Elə xatirələr də belədir. Nə silə bilirsən, nə də əvvəlki yerinə qoya bilirsən. O an düşündüm ki, insanın qəlbi də fincana bənzəyir. Kimisi onu sevgi ilə doldurur, kimisi həsrətlə, kimisi isə səssizliklə. Amma ən ağır yük heç vaxt içində olan deyil, dibində qalandır. Çünki dibdə qalanlar insanın deməyə cəsarət etmədiyi sözlərdir. Pəncərəni açdım. Səhərin sərin nəfəsi otağa doldu. Nanənin ətri artıq çəkilmişdi. Yerini adi bir çay qoxusu almışdı. Elə həyat da belə deyilmi? Zaman hər şeyin qoxusunu dəyişir, amma mahiyyətini yox. Başa düşdüm ki, biz əslində keçmişi yox, keçmişdə hiss etdiyimiz özümüzü axtarırıq. Çünki insan dəyişdikcə xatirələrin də mənası dəyişir. Dünən ağlatdığına bu gün gülümsəyir, bu gün ağlatdığına isə sabah minnətdarlıq edir. Fincandakı son damlanı yenə də tökmədim. Bəlkə ona görə ki, o çayın içində hələ də bitməmiş bir söhbət vardı. Bəzən ömrün ən uzun söhbətləri iki insan arasında deyil, bir insanla onun xatirələri arasında yaşanır. Və o səhər anladım ki, həsrət insanı yalnız darıxdırmır. Həsrət insana sevdiyinin yoxluğunda da sevgini yaşatmağı öyrədir. Bəlkə də sevginin ən saf halı elə budur: qarşılıq gözləmədən, qayıdış ummadan, sadəcə ürəyində bir fincan çay kimi isti saxlamaq.Nanəli çayın ətri mənə bunu öyrətdi: təbiət heç nəyi boş yerə yaratmayıb. Nanənin sərinliyi, suyun saflığı, odun istisi, çayın rəngi... Hamısı bir fincanda birləşir. Elə insan da belədir. Sevinci, kədəri, sevgisi, həsrəti, ümidləri və peşmanlıqları ilə bütöv olur.Ona görə də artıq heç nəyi geri istəmirəm. Nə keçmişi, nə yarımçıq qalan söhbətləri, nə də geri dönməyəcək insanları. Çünki həyatın mənası sahib olduqlarımızda deyil, bizdə iz buraxanlardadır.İndi hər dəfə bir fincan çay süzəndə anlayıram ki, çay mənə susmağı yox, dinləməyi öyrədir. Ən böyük həqiqətlər səs-küydə deyil, buxarın sakitcə göyə qarışdığı anlarda doğulur. Və bəlkə də insanın ömrü boyu axtardığı həqiqət elə budur: həyat keçib getmir... Həyat bizi özündən keçirərək həqiqətə aparır.

Yığcam Göstər