Arzu Hüseyn : - Ölməyək birdə…

Ağrıyar, ağrıyar səhərə qədər,
Qəlbimin ən ağır, yaralı yeri.
Birdən ki, xəyalım önündən keçər,
Uzaq dur, bu qəmdən aralı yeri,
Yeri ki, üz-üzə gəlməyək birdə,
Ölməyək birdə…
Saçların özgənin sinəsin örtər,
Əllərin ən nankor, düşmən əllərin.
Dodağın kiminsə gözündən öpər,
Sızlayar içimdə xatirələrin,
Sızlayar eləcə durduğu yerdə,
Vurduğun yerdən…
Ovcumda bəxtimi sıxıb durmuşam,
Bəxtim göy üzündən yıxılan ulduz.
Yuvası dağılmış bir qaranquşam,
Gecə də quduzdur, sabah da quduz.
Tanrı qorumadı ruhumu şərdən,
Büs-bütün dərdəm…
Ağrıyar ürəyim səhərə qədər,
Yuyular gözümdən siman, surətin.
Göz yaşım, sən demə leysandan betər,
Qalıqlar içində xətrin, hörmətin,
Qalmaz bir tikə də canımda səndən…
Gözünü ovanda üfüqdə yellər,
Keçər ömrümüzdən fəsillər, illər.
Kim bilir, bəlkə də uzaqdan, gendən,
Ruhum nəğmə olar qopar dilindən,
Darıxar hərdən…