Almaz Xanlarova : - Düşmən edilən Analar

Hekayə(olmuş hadisyə əsaslanır)
2015-ci ildə beynəlxalq seminardakı çıxışımda demişdim. "Analar adlanan bir millət də var. Onların balaları əslində yad ola bilməz, çünki eyni cür bətnə düşür, eyni cür doğulur, eyni cür sevilirlər. Analıq hissi yeganə ümumbəşəri və müqəddəs hissdir. Əlavə etmişdim: "Hansı ana başqa bir ananın uşağını təhlükədə görsə onu xilas etmək istəyir. Bu Allahın anaya ilahi sevgidən verdiyi paydır.
O zaman artıq iki millət arasında müharibələr gedirdi və bütün dünya guya münaqişəni yatırmağa çalışırdı. Həmin vaxtlar köhnə pasiyentimin biri zəng vurdu:
- Salam, necəsiz, Almaz xanım, bir xahişim var. Bizim yaxın qohumumuz yanınıza gəlmək istəyir.
Cavab verdim:
- Buyursun, telefonu ver, zəng etsin.
O tərəfdəki səs avazıdı:
- Bilmirəm, necə deyim, qızı anası gətirəcək, Sofiya xala.
- Buyursun.
- Almaz xanım, bilirsiz, anası ermənidir. Qız çox pis vəziyyətdəddir, bilmirlər neyləsinlər. Əminən ki, siz bu qıza kömək edəcəksiz. Dayıma sizin güclü psixoloq olduğunuzu demişəm. Qız dayım qızıdır.
- Ünvanı ver, gəlsinlər.
Səhərisi qapı döyüldü. Buyurun, dedim. Bir qadın yanında da bir qız ehtiyatla içəri girdi. Elə bil sərhəddi keçirdilər. Mənə çatanacan qulağıma öz səsim gəldi: "Analar bir ümumbəşəri millətdir, kimin övladının dara düşdüyünü görsə..."
Xocalı yaddaşımdan silinə bilməzdi, Şuşa da. Qəlbim ana qəlbi kimi tərcüməyə ehtiyacı olmayan mərhəmət dilində danışırdı. Deyəsən, bu qəlbin dili də, ağlı da mərhəmət qanunları ilə yaranmışdı.
Rəhim olan ƏrRəhmanın, Mərhəmətlilər mərhəmətlisi olan Allahın adı ilə.
Qadın özünü təqdim etdi:
- Adım Səfiyyədir, qızımın adı Gülbəniz. O heç nəyi və heç kimi xatırlamır. 9 yaşından epileptik tutmaları var. Elə olur gündə 10 dəfə tutur. İndi 28 yaşı var. Artıq heç bir müəlicə kömək eləmir.
Seanslara başladıq. Hər gün görüşürdük. Əlimdən gələni edirdim. 3-cü seansa gələndə anası dedi ki, dəyişiklik var, tutması çox azalıb. Səfiyyə xanımla iki ana kimi söhbətlərimiz olurdu. Övlad haqda düşündüklərimizdə fərq yox idi. 5-ci seansa o, sözlü adam kimi gəldi. İşimizin sonunda dedi:
- Almaz xanım, biz mat qalmışıq. Bu qız sizin üçün darıxır. Səbirsizliklə yanınıza gəlməyimizi gözləyir.
Gülbənizə baxdım, gülümsümdüm. O da gülümsündü.Anası dedi ki, bu ilk dəfədir.
Xatırladım ki, ilk dəfə yanıma gələndə gözlərinin dərinliyindən bir qorxunc varlığın baxışlarını görüb ansından soruşmuşdum:
-Bu uşaq evdə kimisə sevir? Anası demişdi:
- Yox, onu atası çox sevir. O isə özündən başqa heç kimi sevmir.
Gülümsəyən Gülbənizə baxıb dedim:
- Mən səni çox sevdim, Gülbəniz. Uşaq təbəssümü ilə cavab verdi:
- Mən də. Olar, sizi öpüm?
Səfiyyə xanım yerindən qalxıb təzədən oturdu:
- Bu möcüzədir.
Qız sağalmağa, doğmalarını xatırlamağa başladı.Anası gizlicə xəbər verdi ki, hətta bəzənib tez-tez eyvana çıxır. Həyətdə bir oğlan var, ona baxır, onun həyətə çıxmasını gözləyir.
Səfiyyə xanımı təbriketdim. Dedim ki, qızınızın qəlbində insan sevgisi oyanıbsa demək sağalır.Kövrəldi:
- Bəli, indi atasına da deyir ki, səni çox istəyirəm.
Günahkar adam kimi susdu, sonra kədərlə dilləndi:
- Mənə heç nə demir.
Cəsarətimi toplayıb sual verdim:
- Siz necə, onun atasını sevirsiz?
Səfiyyə xanım gülümsündü.
- Sevməsəydim ona ərə getməzdim ki.
- Bəs, ərinizin övladlarını necə, sevirsiz?
Bu sualın ağırlığı hər ikimizin çiynini basdı. Təəccüblə soruşdu:
- Necə yəni? Mən onların anasıyam axı.
Cavabım yubandı. Elə bil, aramıza mərmi atılmışdı. Vaxt keçməliydi ki, qulaqlarımız açılsın. Dilləndim:
- Vaxtı ilə Gülbənizin atasının azərbaycanlı olduğunu bilə-bilə onun qadını olmusuz. İndi necə? Onu azərbaycanlı kimi tanıyıb doğma kimi sevə bilirsiz? Yoxsa o, sizin üçün yalnız uşaqların atasıdır?
Susdu. Elə bil ki çox uzun bir yol gəlib yorulmuşdu. Heysiz heysiz cavab verdi:
-Mən imamlara ehsan verirəm, Fatihəni əzbər bilirəm..
Hiss elədi ki, suala cavab verə bilmədi. Pıçıldadım:
- Bu sevgi deyil. Bu barədə düşünün. Gülbənizin gözündən baxan qorxunc varlıq sizin bizə nifrət edən əcdadınız idi.Gülbənizlə mənim bir birimizə sevgimiz gücümüzü artırdı. Səfiyyə xanım, əcdadlarınız bizi sevmir...
Orta boylu Səfiyyə xanımın boyu bir az da balacalaşdı. Cavab verdi:
- Mənim atam yoldaşımın atasının kirvəsi olub.
Aralığa zülmət kimi sükut çökdü. Bir anlığa mənə elə gəldi ki, hər ikimiz başqa bir aləmə köçdük. Öz mentalitetinə uyğun cavab vermişdi. Mən də öz mentalitetimə uyğun cavab verməliydim.
- Səfiyyə xanım, biz, azərbaycanlılar kirvəni ailəyə etibar olunan və içəri buraxılan çox doğma adam saymışıq. Bizim əcdadlarımız belə düşünüb. İndi "Əsli-Kərəm" dastanından misal çəkəcəm. Erməni qızı, Əslinin atası olan keşiş onun azərbaycanlı Kərəmə olan sevgisi ilə barışmır, amansızlaşır. Halbuki, Kərəmin atası oğluna xatir onun sevgisi ilə razılaşmışdı. Qəddar keşiş Kərəmin ölümünü görmək üçün qızının toy paltarının düymələrini tilsimləyir, Kərəm o düymələri açmaq istəyəndə düymələr alışır, Əslinin "yandım Kərəm" naləsinə dözə bilməyən Kərəm sona qədər sevgilisini xilas etmək üçün əlləşir, hər ikisi alışıb yanır və keşiş təki onun dediyi kimi olsun deyə, pəncərədən bunu görsə də onları xilas etmir. Od keşişi də qarsıyır. Hər üçü ölür. Əsli və Kərəmi yanaşı basdırırlar, keşişi də ayrıca. İki sevgilinin qəbrinin üstündə yetişib bir-birinə doğru boylanan gülləri keşişin qəbrinin üstündə bitən qaratikan kolu birləşməyə qoymur,gəlib onları ayırır. Səfiyyə xanım, əcdadlarınızın qəlbindəki nifrət bizə ziyan vursa da, həmişə özlərinə lənət qazandırıb. O sevənləri bir-birindən ayıran keşiş kimi. Biz, analar bətndəki balalarımızı sevgi ilə yetişdirib, cəsarətli böyütməliyik.
Məni dinləyirdi. Əvvəlcə elə bil paltar kimi yuyulub çırpılmışdı, özünü birtəhər sahmanladı:
- Anladım, dedi.
Sual verdi:
- O keşişi kim doğub?
Cavab verdi:
- Anası.
Dedim:
- Kinli anası. Həmin kin o millətin balalarını xəstəliyə salıb. Qəlbi xəstə adam hər pisliyə qadirdir. Ən böyük xəstəlik sevgisizlikdir. Əslində ancaq özünü sevmək sevgisizlikdir. Biz anaların boynunda çox böyük yük var. Dünya yükü. Nifrət yox, məhəbbət və cəsarət paylamalıyıq. Başqasının yurdunu yuvasını əlindən almaq zalımlıq, öz halal torpağını qorumaq, uğrunda şəhid olmağı bacarmaq, sevginin və cəsarətin birləşdiyi ən yüksək zirvədir. Hər ikimizi Allah yaradıb. İkimiz də bunu unutmamalıyıq.
Növbəti seansa gələndə Gülbənizin üzü gözəlləşmişdi. İçəri girib məni öpdü. Seans bitəndən sonra Səfiyyə xanı mənə bir sual verdi:
- Mən bu gecə səhərəcən fikirləşmişəm, bizlər nə etsək müharibə bitər? Siz Xocalını unuda biləcəksiz?
Cavabında," Yox", dedim:
- Bizdən doğulanların doğduqlarını nifrətlə böyütməsək, bəlkə, kömək olar.
Səhəri gün mən konfransa yola düşəcəkdim. Bu, yadıma düşəndə Səfiyyə xanıma dedim:
- On günlük Ukraynaya gedirəm. Qadın seminarları aparmağa dəvət olunmuşam. Sizə bir tapşırığım var:
- Buyurun,dedi.
- Nə vaxtsa siz bu dünyanı tərk etsəz orda ulu babalarınızla görüşün, onlara deyin ki, öz qəlblərinə baxsınlar, bu nifrət onlara nə verib? Siz də Qarabağlısız, Qarabağ isə Azərbaycandır. Bunu qəbul etsinlər. Və burdakı törəmələrinə doğru informasiya göndərsinlər. Axı hər iki tərəfdən balalarımız cavankən bu dünyadan gedir. Amma azərbaycanlılar şəhid kimi paklanıb, kinsiz, küdurətsiz haqqın dərgahına qovuşur, çünki öz halal haqları, torpağı uğrunda canlarını verir. Erməni balaları isə kin və nifrətlə son anda niyə bunların torpağını almayaq ki, dedikləri üçün sadəcə canlarını tapşırırlar. Başqasının haqqına girən qəsbkar, günahkar kimi o dünyaya gedirlər. Bunun günahı əcdadlarınızın kinidir. Onsuz da qızlarınızın gözü, qəlbi bizim oğlanlarımızdadır. Niyə öz qızlarının köynəyinin düyməsini kinlə tilsimləyirlər?
Səfiyyə xanım çox ciddi qulaq asırdı. Sakitcə dedi:
- Almaz xanım, sizə söz verirəm, mən o dünyaya gedəndə mütəq bunları babalarımla danışacam.
Cavab verdim:
- İnanın ki, müharibənin bitməsinə bu söhbət kömək olar.
On gün sonra Bakıya qayıtdım.Aeroporta çatan kimi telefonu açdım. 2 dəqiqədən sonra zəng gəld, Gülbəniz idi.
- Almaz xanım, salam.
- Salam, Gülü, necəsən?
- Anam öldü. Sizdən ayrılan günün səhəri. Həkimlər dedi ürəyi dayanıb. Sizə zəng vurdum götürmədiz.
Bilmədim nə deyim. Səfiyyə xanımla son söhbətimizi xatırladım.
- Almaz xanım, eşidirsiz məni? Niyə susduz?
- Gülü, mən burda deyildim. Allah ona rəhmət eləsin.
- Bilirsiz, həmin gecə mənə nə tapşırdı? Dedi ki, Almaz xanımı sev, sağalarsan.
Nə deyəcəyimi bilmədim. Ancaq onu deyə bildim; - Heyif, Gülü, mən səni çox sevirəm.
- Mən də.
Cəsarətli və güclü oğullar doğan, tərbiyə edən analar sevgini nifrətlə əvəz etmir. Bu ilahi nur insana hər şeydən çox güc verir. Xüsusən, ana və vətən sevgisi. Şəhidlər bu dünyadan pak gedir, yalnız nur aparır. Haqq aparır. Ona görə də haqq olan Allah onlara öz yanında yer verir.
Bəzən analar da haqqı tanıyıb canını qəfil tapşıranda şəhid kimi qəbul olunur. Yəqin ki, haqqı aparan şəhid analara da o dünyada öz sözlərini kiməsə deməyə izn verilir.
2024.09.27