Azərbaycan maarifçiləri - Sona Vəliyeva yazır

Azərbaycançılıq ideologiyasının ardıcıl və məqsədyönlü formalaşması prosesi elmi ədəbiyyatda XIX əsrdə təşəkkül və inkişaf tapan maarifçilik hərəkatına aid edilir. O dövrdə çar Rusiyası Azərbaycanı öz inzibati idarəetmə sisteminə daxil edərək, "Azərbaycan" sözünü ümumən xalqın yaddaşından silməyə çalışırdı. Ayrı-ayrı quberniyalara, canişinliklərə, qəzalara bölünmüş Azərbaycan bütövlükdə “Qafqaz”, “Zaqafqaziya” məfhumları içində əridilmişdi. Maarifçilik hərəkatı xalqın bütün bu məhrumiyyətlərə müqavimət reaksiyası kimi meydana gələrək, tarixi yaddaşın itməməsi, ana dilinin, adət və ənənələrin qorunub saxlanması, inkişafı, mənəviyyatın, milli dəyərlərin yaşadılması, bütövlükdə milli şüurun oyanması və milli özünüdərk prosesinin
gücməsi üçün mühüm təkanverici rol oynamışdı.
Mirzə Fətəli Axundov bu dövrdə Azərbaycan xalqının mütərəqqi ideallara inteqrasiyası baxımından əsl tarixi və müstəsna əhəmiyyətli xidmətlər göstərirdi. O, yeni, Avropa tipli ədəbiyyatın dram, ədəbi tənqid kimi janrlarını anadilli ədəbiyyatımıza daxil etməklə xalqla canlı ünsiyyətin yeni metodlarını tapırdı. Axundov öz komediyalarında milli həyatımızın gerçəkliklərini, adət-ənənələrini, ictimai davranış normalarını güzgü kimi əks etdirir, bu həyatın gerilikçi tərəflərini tənqid etməkdən çəkinmir, xalqa şirin yalanlar söyləməkdənsə, əsl maarifləndirmə – acı gerçəkləri göstərmək yolunu tuturdu.
Başda Azərbaycan xalqı olmaqla bütün türk-müsəlman xalqlarının dünya sivilizasiyasının müasir dəyərlərinə qovuşmaq məqsədilə latın qrafikalı yeni əlifba uğrunda sonradan geniş vüsət tapmış hərəkatını da məhz Mirzə Fətəli Axundov başlatmışdı.
Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" əsərini haqlı olaraq azərbaycanşünaslığın ilk elmi qaynaqlarından sayırlar. Bu əsər fars dilində yazılmış müqəddimə, beş fəsil və nəticədən ibarət tarixi, coğrafi və etnoqrafik traktatdır. Əsərin ən qiymətli cəhəti müəllifin yerli məxəzlərlə birlikdə yunan, roma, rus, erməni, ərəb və fars qaynaqlarından da istifadə etməsidir. Əsərdə Herodot, Strabon, Tatsit, Plutarx, Moisey Xorneski, Təbəri, Məsudi, İbn-Hövsəl, İbn-əl-Əsir, Yaqut Həməvi, Əbülfida, Həmdullah Qəzvini, Mirxond, Xandəmir, Yəzdi, Katib Çələbi, Məhəmməd Rəfi Şirvani, Qolikov, Karamzin, Ustryalov və başqa məşhur müəlliflərə istinadən Azərbaycanın qədim tarixi, coğrafiyası, adət-ənənələri, mədəniyyət nümunələri haqda ətraflı məlumatlar verilmişdir.
XIX əsrin sonlarına doğru "Əkinçi" qəzetinin simasında milli mətbuatımızın yaranması ilə maarifçilik və milli özünüdərk prinsipinin yeni mərhələsi başlanır. Həsən bəy Zərdabinin milli şüurumuzun oyanışına verdiyi bu töhfə vasitəsilə, əslində, xalqın inkişafında yeni dövrün başlanğıcı qoyulur, milli və ictimai məsələlər minlərlə azərbaycanlının fikrinə və duyğularına hakim kəsilir, "Əkinçi" milli düşüncə sahiblərini milli problemlər ətrafında düşünməyə, millətin dərdlərini mətbuat səhifələrində bölüşməyə səfərbər edir. Bununla yanaşı, "Əkinçi" məktəbində milli mədəniyyətimiz üçün həyati önəm kəsb edən ikinci bir hadisə baş verir: Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə müasir Azərbaycan teatrının təməli qoyulur və bu da milli ruhun, düşüncənin daha da kütləviləşməsinə səbəb olur. Sonralar bu teatrda Mirzə Fətəli Axundovun komediyaları, Nəcəf bəy Vəzirovun, Nəriman Nərimanovun, Əbdürrəhim bəy Haqverdiyevin, Haşım bəy Vəzirovun, Rəşid bəy Əfəndiyevin faciə və dramları səhnəyə qoyulur.
Beləliklə, Dünya Azərbaycanlılarının I qurultayında qeyd edildiyi kimi, milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın mentalitetinin yaşaması və bütün bunların ümumbəşəri dünya dəyərləri ilə zənginləşdirilməsi kimi təməl prinsipləri üzərində qurulmuş bugünkü milli ideologiyamız artıq XIX əsrin sonu – XX əsrin əvvəllərində maarifçilər tərəfindən böyük səylə həyata keçirilirdi.
Kütləvilik ideya və ideologiyaların inkişafında çox mühüm atributlardan sayılır. Yaşar Qarayevin haqlı olaraq bildirdiyi kimi, "Azərbaycançılıq milli özünüdərkin, etnik şüur intibahının fəlsəfədə, elmdə, ideyada ifadəsidir. Lakin bu ideya, bu fəlsəfə də nəzəriyyədən təcrübəyə, milli ideyadan milli şüura tam halda yalnız o zaman çevrilir ki, ayrı-ayrı ziyalılar, təklər yox, kütlələr əməldə, işdə ona sahiblik şüuru nümayiş etdirirlər".
Azərbaycançılıq təliminin formalaşdırılmasının özünəməxsusluğu hansı milli mənəviyyatı, dini cərəyanı və tarixi məqamı özündə saxlamasından asılı olmayaraq Azərbaycan əhalisinin əksəriyyəti üçün xarakterik olan ümumi əlamətlərin sintezi ilə səciyyələnir. Azərbaycanın milli oyanışı və yeniləşməsi, bununla bağlı milli ideya uğrunda mübarizə hərəkatı gerçəkliyimizin çox mühüm tərkib hissələrindən biridir. Qədim və orta əsrlərdə Azərbaycanda buna oxşar ideyalar – vahid ərazi düşüncəsi, maddi-məişət şəraitinin ümumiliyi, xarici dövlətlərə qarşı əlbir mübarizə, dil və qan qohumluğu, soykök eyniliyi, mənəvi mədəniyyət sahəsində oxşar cəhətlər, iqtisadi-siyasi və coğrafi birlik zəminində formalaşmış müəyyən xüsusiyyətlər olmuşdu. Lakin bütün bunlar olsa-olsa, əlamətdar xüsusiyyətlər idi və bir qayda olaraq, fərdi, dağınıq, sistemsiz xarakter almışdı. XIX əsrin sonları – XX əsrin əvvəllərində belə ideyalar ümumtürk, ümumislam, ümumiran ideyalarının tərkib hissələri idi. Beləliklə, bir daha qeyd etmək yersiz deyil ki, "azərbaycançılıq" adlanan ideya sırf Azərbaycan milli ideyasına çevrilənədək uzun bir tarixi inkişaf yolu keçmişdir.
Burada ideologiyanın bir elmi-sosial institut kimi mahiyyətinə qısa da olsa nəzər salmaq lazımdır. Görkəmli akademik Ramiz Mehdiyevin "Azərbaycanda siyasət: dünən, bu gün, sabah" sərlövhəli məqaləsində ensiklopedik lüğətlərdə ideologiyaya verilən təriflərə toxunulur və onlardan misallar gətirilir. Məqalədə göstərilir ki, ideologiya baxışların və ideyaların elə bir sistemidir ki, onlarda insanların gerçəkliyə və bir-birinə münasibəti, sosial problemlər və münaqişələr dərk edilir və qiymətləndirilir, habelə mövcud ictimai münasibətlərin möhkəmləndirilməsinə və ya dəyişdirilməsinə (inkişafına) yönəldilmiş sosial gerçəkliyin məqsədləri, yaxud proqramları əhatə olunur. “Müasir sosiologiyada ideologiyanın tərifi belədir:
1. Sosial və siyasi fəaliyyətin əsasında dayanan və onu dolğunlaşdıran ideyalar sistemi. 2. Daha dar mənada bir qrupun digərinə tabeliyinə haqq qazandıran və ya bunu qanuniləşdirən ideyalar sistemi. 3. Xurafatı dağıtmağa və sosial islahatda tətbiq edilməyə qadir olan hərtərəfli ensiklopedik bilik".
Məhz həmin təriflərdə əks olunan əlamətlərlə zəngin doktrina kimi azərbaycançılıqdan bəhs ediriksə, onun ilk yaranış və formalaşma dövrü XIX əsrin son illəri – XX əsrin əvvəllərinə təsadüf edir. Bu dövr Azərbaycan xalqının milli varlığını dərindən dərk etdiyi və təsdiqlədiyi dövrdür. Müşahidələr göstərir ki, milli ideyanın kütləviləşməsi, çoxsaylı insanların əqlinə hakim kəsilməsi üçün Azərbaycan milli elitasının geniş və məqsədyönlü hərəkatını məhz XIX əsrin sonlarında Azərbaycan maarifçiləri başlamışlar. Kapitalist münasibətlərinin Azərbaycanda həmin dövrdə yaranıb inkişaf etməsi və Bakının Qafqazda ən iri iqtisadi mərkəzə çevrilməsi bütövlükdə iqtisadiyyata təsir göstərmiş və milli burjuaziyanın meydana gəlməsinə səbəb olmuşdur. Bu isə son nəticədə milli şüurun yüksəlməsinə, milli oyanışa təkan vermişdir. Bəhs edilən dövrdə milli ziyalılarımızın qabaqcıl nümayəndələrindən Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Məhəmməd Hadi, Hüseyn Cavid, Üzeyir bəy Hacıbəyov, Mirzə Ələkbər Sabir, Abdulla Şaiq, Əlimərdan bəy Topçubaşov, Firidun bəy Köçərli, Ömər Faiq Nemanzadə, Məmməd Əmin Rəsulzadə və başqaları dövrün aparıcı mətbuat vasitələrində – "Həyat", "İrşad" qəzetlərində, "Füyuzat" və "Molla Nəsrəddin" jurnallarında müntəzəm çıxışlar etməklə milli şüurun güclənməsində və millətin formalaşmasında mühüm rol oynamışlar.
Milli elitanı və qabaqcıl şüur sahiblərini bu dövrdə ən çox düşündürən, narahat edən və ürək yanğısı ilə bədii-publisistik yaradıcılığa ruhlandıran başlıca milli dərd Məhəmməd Hadinin ölməz misralarında ifadə olunmuşdur. Dərindən nəzər salsaq, görmək çətin deyil ki, Abdulla Şaiqin, Abbas Səhhətin, Əhməd Cavadın vətən, millət və istiqlal ruhlu şeirlərində, Mirzə Ələkbər Sabirin, Əli Nəzminin və Əliqulu Qəmküsarın milli varlığın çatışmazlıqlarını tənqid atəşinə tutan kəskin satiralarında, Cəfər Cabbarlı və Hüseyn Cavidin parlaq romantik ovqatlı dramaturgiyasında həmin ağrının izləri əks olunmuşdur.
Dövrün milli ruhlu ziyalıları yaxşı anlayırdılar ki, Azərbaycan xalqının çağdaş dünya nizamında özünə layiqli yer tutması üçün milli özünüdərkin, milli şüurun yüksəlişi başlıca şərtlərdəndir. Bu istiqamətdə Ömər Faiq Nemanzadə və Məhmməd Əmin Rəsulzadənin millətçilik və dövlətçilik, Hüseyn Cavid və Cəlil Məmmədquluzadənin demokratiya və azərbaycançılıq ideyaları misilsiz təsir gücünə malik olmuşdur. Əsrin əvvəllərində "Molla Nəsrəddin" jurnalında verilmiş məşhur karikatura simvolik məna daşıyırdı. Burada azərbaycanlının "axı mənim doğma ana dilim var" fəryadlarına məhəl qoymadan bir tərəfdən ərəb dili, o biri tərəfdən fars dili, üçüncü bir tərəfdən isə rus dili ilə dilini sıxışdırırdılar.
O dövrdə formalaşan milli təfəkkürümüz türk dünyasının görkəmli nümayəndələri İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Yusif Akçuraoğlu, Əhməd bəy Ağayev, Ziya Göyalp kimi fikir dühalarının türkçülüyə dair fikirlərindən bəhrələnirdi. Onlar ilkin mərhələ üçün adekvat bir obyektivliklə Azərbaycanın milli müstəqillik məsələsini ümumtürk azadlığının tərkib hissəsi kimi qarşıya qoyurdular. Həmin dövrün istiqlalçılıq ideyaları Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün bu sözləri ilə səciyyələnirdi: "Müstəqilliyini əlindən vermiş hər hansı bir millət hansı həyat şəraitində yaşayırsa-yaşasın, o, mədəni bəşəriyyətin gözündə yalnız nökərdən başqa bir şey deyildir. Azadlıq şirin nemətdir. Lakin bunu heç vaxt iki əllə gətirib xalqlara vermirlər. Azadlıq qanla alınır".
Bir cəhəti dönə-dönə xatırlamaq və əsla yaddan çıxarmaq lazım deyil ki, Azərbaycan milli ideyası ideologiyaya çevrilmə prosesində tarixi inkişafı baxımından həm ümumislam (islamçılıq), həm də ümumtürk (turançılıq-türkçülük) mərhələlərini yaşamış və bundan sonra Azərbaycan milli dövlətçiliyi meydana gəlmişdir. Rusiyada 1905-1907-ci illər inqilabı dövründə əsarət altında yaşayan türk və müsəlman xalqlarının, o cümlədən Azərbaycan xalqının böyük bir qismi arasında milli azadlıq ideyaları geniş vüsət almışdı və bu prosesə İranda başlamış məşrutə hərəkatı da öz müsbət təsirini göstərmişdi. 1905-1918-ci illərdə Azərbaycan milli hərəkatının nəzəriyyəçiləri və qabaqcıl ictimai xadimlər azərbaycançılığın o dövrəqədərki elmi, fəlsəfi, publisistik, ədəbi-bədii təcrübəsi əsasında artıq milli dövlətçilik ideologiyası qismində "azərbaycançılıq" ("türkçülük") ideyasını işləyib hazırlamışdılar. Bu, azərbaycançılığın təkamül prosesində yeni mərhələyə keçməsini göstərirdi.
sonavaliyeva.com