“Ailə səadəti” kitabı haqqında qeydlər
Portret
İmzası oxuculara yaxşı tanış olan, yazıçı, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü Zakir Bağırın ilk hekayəsi “Elan”, yazıçı, dramaturq Firudin Ağayevin zəmanəti ilə “Göyərçin” jurnalında dərc olunub. Müəllifin hekayələri “Kaspi”, “Ədəbiyyat və İncəsənət”, “Ədalət”, “Azərbaycan Gəncləri”, “Bakı”, “Yeni Azərbaycan” qəzetlərində, “Ulduz”, “Söz”, “Azərbaycan”, “Literaturnıy Azerbaydjan”, “Şəfəq”, “Məşək”, “Kirpi” jurnallarında çap olunub. Yazıçının 36 hekayəsi və 1 povesti rus dilinə tərcümə edilib. “Mələk cildli nankorlar” dramatic povesti və bir neçə hekayəsi türk dilinə tərcümə olunub. Povest mükafata layiq görülüb. “Dəmirağacı” hekayəsi dərsliyə salınıb. “Molodejnaya Azerbaydjan” qəzetinin keçirdiyi “Gülüş otağı” müsabiqəsində 3 hekayəsi qalib olub.
“Ata yadigarı” adlı ilk kitabı filologiya elmləri doktoru, professor Akif Hüseynovun rəyi ilə “Gənclik” nəşriyyatında nəşr olunub. Bu kitaba 1 povest, 10 hekayə daxil edilib. Yazıçının ikinci kitabı “Hədiyyə” Əməkdar incəsənət xadimi, yazıçı Vidadi Babalılın rəyi ilə “Yazıçı” nəşriyyatında nəşr edilib. Kitabda 3 povest və 3 hekayə salınıb. Müəllifin üçüncü kitabı “Şənlik xalq mahnı və rəqs ansambli” adlanır. Yazıçının dördüncü kitabı “Mənim atasız dünyam” adlanır. İki həcmli bu kitaba beş hissəli “Mənim atasız dünyam” romanı, 5 povesti, 37 hekayəsi daxildir.
Zakir Bağır həm də dramaturqdur, onun 3 pyesi Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulub. “Sehirli üzük” və “Novruz” pyeslərinin quruluşçu rejissoru, əməkdar artist Təvəkkül Əliyev, “Cırtdanın yeni sərgüzəştləri” pyesinin quruluşçu rejissoru isə Adil Zeynalov olub.
“Ailə səadəti” sayca yazıçının beşinci kitabıdır. Kitaba 5 povest, 19 hekayə, 3 pyes daxildir. Kitab “Borc” povesti ilə başlanır. Həyatda cürbəcür borclar olur. Bəzən bir vəzifə və ya ixtiyar sahibi, qohum və tanışlarını layiq olmadıqları bir işə təyin etməyi özünə borc bilir. Onların işə rəhbərliyi nəticəsində çoxları nahaq bəlaya düçar olurlar. Gənc aspirant Zahir də belə bəlaların qurbanı olub. Həyatda həmişə yaxşı adamlar olur. Onlardan biri də Zahirin elmi rəhbəri, professor Xələf Xələfzadədir. O, bütün maneələrə baxmayaraq aspirant Zahirə kömək etməyi özünə borc bilir.
“Ailə səadəti” povesti ailə-məişət məsələlərinə həsr olunub. Anasını itirən Samirə Aydınlı uşaq evində yaşayır. Mahirin anası oğlunu Samirə Aydınlı ilə ünsiyyət saxlamasından ehtiyat edir. Oğlunu sevmədiyi bu qızla evləndirir. Təzə gəlin ailənin ehtimatını qoruya bilmir. Samirə Bakıda, Mahir isə Ukraynada ali məktəbə daxil olurlar. Təsadüf nəticəsində Mahir universitetin yataqxanasının komendantı Kərim əminin otağında Samirəyə oxşayan yaşlı bir qadının Kərim əmi ilə çəkdirdiyi şəkli görür. Sən demə, bu qadın Samirənin anası, Kərim əmi isə atası idi. Mahir Kərim əmini Samirə ilə görüşdürür. Avtomobil qəzası zamanı ağır yaralanmış Mahirin atası Kərim əmini tanıyır. Onlar vaxtı ilə bir yerdə işləyiblər. Mahirin anası hərəkətlərindən peşman olur, Mahiri Kərim əmiyə tapşırır.
Kitabdakı “Düyünlər” povesti jurnalistlərin həyatından bəhs edir. Yazıçı əsəri 23 il qəzet redaktoru işləmiş şair Şəkər Aslanın xatirəsinə həsr edib.
“Mələk cildli nankorlar” povesti türk sərkərdəsi Əhməd Camal Paşanın Lənkərandakı 1918-ci il hadisələrində göstərdiyi igidlikdən bəhs olunur. Real hadisələr əsasında qələmə alınmış bu povest bir neçə hekayələrlə türk dilində çap edilib. Povest mükafata layiq görülüb.
“Qara eynəkli qadın” povestində bir qadının acı taleyindən bəhs olunub. Kitaba daxil edilmiş “Məmmədhəsən əminin eşşəyi”, “Dövlət”, “Qara ləkə”, “Hamilə qız”, “Bəylik kostyumu” və başqa hekayələr yumir janrında yazılıb. Hekayələrin dili sadə, mövzuları orjinaldır.
Kitaba 3 pyes daxildir: “Sehirli üzük”, “Novruz”, “Nə çıxar yamanlıqdan”.
Ədəbiyyata kiçik yumoristik hekayələrlə gələn müəllifin yaradıcılığı haqqında filologiya elmləri doktorları Kamran Kazımov, Fazil Rəhmənzadə, şair Nüsrət Kəsəmənli, filologiya elmləri namizədi, yazıçı Yaşar Rzayev, Xalq şairi Sabir Rüstəmxanlı, yazıçılardan Salam Qədirzadə, Seyfəddin Dağlı, Firudin Ağayev və başqaları müsbət fikir söyləyiblər.
Şair İsa İsmayılzadə “Bakı” axşam qəzetində dərc etdiyi “Şeir yazmağa nə var” məqaləsində Zakir Bağırın “Toy dəvətnaməsi” hekayəsini daha uğurlu sayıb. Əməkdar müəllim Mirhaşım Talışlı “Narahat ürəyin hədiyyəsi”, əməkdar incəsənət xadimi şair Tofiq Mütəllimov “Hədiyyə”, əməkdar jurnalist Flora Xəlilzadə “İstedad, yoxsa, boş vaxt?”, filologiya elmlər namizədi, dosent Əlirza Əliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Vidadi Qafarlı, tənqidçi Əzim Göyəzənli və başqaları yazıçının əsərlərinə yüksək qiymət veriblər.
Kitabın redaktorları: Cavad Zeynal, yazıçı
Ağamir Cavad, şair
Rəyçilər: Rafiq Yusifoğlu – filologiya elmləri doktoru, Sumqayıt Dövlət Universitetinin professoru, “Göyərçin” jurnalının baş redaktoru, ədəbiyyatşünas, şair, yazıçı, tərcüməçi
Əbülfət Mədətoğlu – “Ədalət” qəzetinin baş redaktoru müavini, əməkdar jurnalist, şair, publisist.
Kamran Kazımov - Filologiya elmləri doktoru, Ədəbiyyatşünas, Vətən müharibəsi şəhidi Vüsal Kazımovun atası