Aida Adıgözəl : - Dünən payız  idi...

Ədəbiyyat 09:04 / 24.11.2022 Baxış sayı: 1036

Dünən payız idi, bu günsə qışdır,

yağır qırma - qırma qar dirəklərə.

Sonuncu ümiddir özünü çırpır,

sərçə balası tək daş ürəklərə.

 

Bitdi son savaş da, qılınclar qında,

susaraq çəkildi dil mənzilinə.

Deyilməyən sözlər qaldı ağızda,

əllər imza atdı öz təsliminə.

 

Dərindən bir nəfəs, bir köks ötürmə,

sonra aram - aram yol uzaqlara.

"Əlvida " - demirəm - "hələlik, sağol",

səni tapışırıram ən yaxınlara.