ADININ YOZUMUNDA EL olan ADAM
Eldəniz adı Azərbaycan türk mənşəli kişi adıdır. Bu ad, XII əsrdə Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin adı ilə məşhurlaşıb. Mənası "xalqın dənizi", "ölkənin dənizi", "dəniz hökmdarı" və ya "dəniz kimi nəhəng, qüdrətli hökmdar" deməkdir. Bəli, Eldəniz adı, xalqın və ya ölkənin dəniz kimi sonsuz və qüdrətli dayağı mənasında nəcib bir ad hesab olunur...
Uzun müddətdir ki, onu "Facebook" sosial platformasından izləyirəm. Cəsarətli paylaşmaları ilə yaddaşıma həkk olub. Cəmiyyətin problemlərinə biganə qala bilmir, tənqid edir, düz yol göstərmək üçün səsini ucaldır. Əsl ziyalıdır. Siz elə bilirsiniz ki, belə ziyalılarımız çoxdur? Əsla! Kimisi gödəninə, kimisi vəzifəsinə, kimisi balalarına, kimisi abırına, kimisi də, nə bilim nəyə görəsə susanda, onun səsi heç vaxt kəsilmir. Deyir, həm də düzü, haqqı deyir...
Şəxsi həyatda necə olduğunu bilmirəm. Yoldaşlığından, dostluğundan, davranışından, insan kimi xarakterindən və eləcə də şəxsi göstəricilərindən xəbərsizəm. Amma yaxşı bilirəm ki, adına bənzəyən kişilərdəndir...
Bəli, necə deyərlər- Adı gözəl, özü gözəl Eldəniz müəllimin aprelin 20-si 74 yaşı tamam olur. Bir halda təbrik etdiyim adamların yaşını mələklərin numerologiya sistemiylə təhlil etməyi adət etmişəm, qoy elə Eldəniz müəllimin qovuşacağı 74 rəqəmi barəsində də bildiklərimi xırdalayım.
74 rəqəmi müxtəlif kontekstlərdə, xüsusilə numerologiya və mənəviyyat baxımından fərqli mənalar daşıyır. Məsələn, 74 rəqəmi mələklərin sistemində mənəvi uğurların bir işarəsi kimi qəbul edilir. Bu, insanın çətinliklərə baxmayaraq daxili gücə sahibləndiyini və doğru yolda olduğunu xatırladır. Bir sözlə, 74 rəqəmi əsasən daxili gücün, mənəvi dəstəyin və bəzən də çətinliklərin işarəsi kimi qəbul edilir...
Bəlkə də özü də bilmir, Eldəniz Quliyev bazar günü dünyaya gəlib. Ruslar həmin günü "voskreseniye" adlandırırlar. Mənası zühr etmək, yenidən dünyaya gəlmək, deməkdir. Ümumiyyətlə, bazar günü doğulanlar yaradıcı, enerjili və optimist xüsusiyyətləri ilə seçilirlər. Azadlığa düşkün, macəra axtaran və güclü liderlik keyfiyyətlərinə sahib olurlar. İntuitiv və şəfqətli olmaqla yanaşı, tez-tez cəmiyyətdə tanınan və uğurlu şəxsiyyətlər kimi formalaşırlar. Və bu adamlar Günəşin təsiri altında olduqları üçün yüksək enerji və yaradıcı potensiala malikdirlər. Həyata müsbət baxırlar və çətinliklərdən tez çıxmağı bacarırlar. İnsanları idarə etmək və təşkilatçılıq qabiliyyətləri güclüdür. İntuitivdirlər və başqalarının hisslərini asanlıqla anlayırlar, bu da onları yaxşı dost olmaqlarına şərait yaradır...
Xülasə, baməzə, yumor hissi güclü olan, həqiqəti dilə gətirməyə cəsarəti çatan, adına layiq bu gözəl insanı ad günü münasibətilə təbrik edirəm...
Hörmətlə,
Elman Eldaroğlu