Xatirə Rəhimbəyli  Bir  az əyləş  yanımda

Ədəbiyyat 18:46 / 19.04.2026 Baxış sayı: 470

Bir az əyləş yanımda

dərdini de birbəbir.

Mən də alım könlünü,

deyim: "Neynək, ya səbir!"

Bir az da məni dinlə,

təsəlli ver, ümid ver.

Bir az aydınlaşsın göy,

bir az gözəlləşsin yer!

Söhbət aç ailəndən,

evdən, uşaqdan danış.

Gileylən güzərandan,

yaxın-uzaqdan danış…

Dostdan, tanışdan söz aç,

bir az təriflə məni...

Mən də əvəzedilməz

dost kimi öyüm səni.

Bir-iki isti söz de,

tərpənsin gözümdə nəm.

Sakit-sakit ağlayım,

boşalsın bir az sinəm...

Sən də kədərlən bir az.

Tez-tez saatına bax...

Soruşum: "Tələsirsən?"

Sən "yox" de. Sonra susaq...

Bir az etraz eylə

gənclərin vəfasına –

yalançı Məcnunların,

yalançı havasına...

Bir az da de şeirin

kəsərdən düşdüyündən.

Yaxşıların dünyadan

zamansız köçdüyündən...

Baxma, sözünün sonu

əvvəlinə tuş gəlmir.

Fikirliyəm, səhvlərin

eynimə də heç gəlmir...

Yenə də uşaqlardan,

dərsdən, məktəbdən danış.

Allahsız siyasətdən,

elmdən, dindən danış...

Yox, yox, gəl, toxunmayaq,

könüllərin yasına!

Sonra da sağollaşaq –

hər kəs öz yuvasına...

Ayılıb xəyallardan,

ürək gəlsə özünə,

eləcə... gülümsəyək

adamların üzünə