Əlirza HƏSRƏT - SƏSSİZ UŞAQLIĞIN SÜKUT NƏĞMƏSİ
Bir quşa ruzudur saçımda hər dən,
Dən görüb,xış çəkdin ürəyimə sən.
Məcnunun ahına qoşulub gedən,
Kimin harayıdır bu ud nəğməsi?
Şəklini kim çəkdi bu yorğun selə?
Nə gözəl açıbsan yaxanı yelə.
Çətirsiz girdiyim yağışdır elə,
Oduna yandığım bulud nəğməsi.
...Lalənin bağrına yenə qan düşüb,
Dağlara gecikmiş çən,duman düşüb.
Mənim də könlümə eh,yaman düşüb,-
Səssiz uşaqlığın sükut nəğməsi.