Zəka Vilayətoğlundan BİR  ŞEİR

Ədəbiyyat 14:15 / 13.04.2025 Baxış sayı: 2759

Ruhuma bir dinclik, rahatlıq gəlir,

Gəzib dolaşdıqca düzənlikləri.

Könlümdə duyğular coşur, çağlayır,

Yığdıqca gözümə gözəllikləri!

 

Çəməndə min cürə gözəl naxışlar,

Çiçəkdən-çiçəyə qonur baxışlar,

Sanki bəhsə girib nəğməkar quşlar,

Bəzəyir aləmi şən cik-cikləri!

 

Burda kədər belə usanmaqdadır,

Özü öz adından utanmaqdadır.

Mənim ruhum, qəlbim uca Haqladır,

Qorxutmaz dünyanın çətinlikləri!

 

Ay Zəka, könlündə, gör bir nələr var,

Necə xoş ətirli xatirələr var!

Gözündən könlünə aparar yollar,

Sağında, solunda yaz çiçəkləri!

13.04.2025