Xanım İsmayılqızı: - Unuduram yavaş-yavaş...

Unuduram yavaş-yavaş,
Ürəyimdən keçənləri unuduram.
Yaddaşımdan asılaraq
İntiharı seçənləri unuduram,
Amma səni unutmuram.
Unuduram ağrıları,
Nakam qalan hisslərimi unuduram.
Yaşamağa əngəl olan
Canımdakı hirslərimi unuduram,
Amma səni unutmuram.
Unuduram gülüşümü,
Hərdən nəfəs almağı da unuduram.
Başımı aldada bilən
Xəyallara dalmağı da unuduram,
Amma səni unutmuram.
Unuduram bu günümü,
Cavanlığı, gəncliyimi unuduram.
Səhərdən axşama kimi
Keşik çəkən dincliyimi unuduram,
Amma səni unutmuram.
Unuduram baharımı,
Payızımı, qışımı da unuduram.
Səsim belə əldən düşüb,
Körpələşən yaşımı da unuduram,
Amma səni unutmuram.
Unuduram mənzilimi,
Yaşamadığım küçəni unuduram.
Səhərimi, axşamımı,
Gəlib getməyən gecəni unuduram,
Amma səni unutmuram.
Unuduram kimliyimi,
Doğulduğum ili, ayı unuduram.
Öldüyümü, qaldığımı,
Tanrının verdiyi payı unuduram,
Amma səni unutmuram.
Unuduram dönə-dönə,
Bu dünyada hər şeyimi unuduram.
Həyatımda, taleyimdə,
Mənə qalan heç nəyimi unuduram,
Amma səni unutmuram.
Unuduram yavaş-yavaş,
Ürəyimdən keçənləri unuduram.
Yaddaşımdan asılaraq
İntiharı seçənləri unuduram,
Amma səni unutmuram.