Əli Kərim :- Bəzən haqq qazanır insan öləndə,

Bəzən haqq qazanır insan öləndə,
hətta unudulur ağır günahı.
Hamıya dərd olur cavan getməyi,
olduqca az görüb, az yaşamağı…
Deyirlər: "Bilsəydik, ayıq olardıq,
onu qoyardıqmı heç gözdən iraq?
Hər bir dərdinə də çarə qılardıq,
nə bilək o belə az yaşayacaq?"
Eh, bu gün nə qədər xəyala daldım,
Eh, qəlbim nə qədər alışdı, dindi.
Sən mənim qədrimi biləsən deyə,
bu cavan yaşımda ölümmü indi?!