Zəka Vilayətoğlu - Elə sanma, bu çağıma...

Ədəbiyyat 12:20 / 09.02.2026 Baxış sayı: 465

Elə sanma, bu çağıma

Şadlana-şadlana gəldim.

Sevincimdən, fərəhimdən

Atlana-atlana gəldim.

 

Üşütdülər, dondurdular,

Çox mətləbi qandırdılar,

Bəzən elə yandırdılar,

Odlana-odlana gəldim.

 

Həyatın sevinci, qəmi,

Hey titrətdi sarı simi,

Gah "pis", gah da "yaxşı" kimi,

Adlana-adlana gəldim.

 

Arzuların şux qanadı

Bir qırıldı, bir qanadı.

Həyat məni çox sınadı,

Yadlana-yadlana gəldim.

 

Bir əlim Haqq ətəyində,

Biri arı pətəyində,

bu qismətdə, bu təyində

Dadlana-dadlana gəldim!