Zakir Bayramlı: -Tütün- aludəçilik yaradan ən qorxunc düşmən

Sağlamlıq 10:05 / 06.12.2023 Baxış sayı: 1967

 

 

 

 

Tütün məmulatı dedikdə  tütünün yarpaqlarından  və onun komponentlərindən hazırlanan hazır məhsul başa düşülür. Həmin məhsulun tərkibini nikotin, aktiv alkoloid, həmçinin  kanserogen maddələr sayılan və nikotinə aludəçilik yaratmaqda rolu olan  məhsullar təşkil edir. Bura siqaret, papiros, siqar, siqarilla, çubuq tütünü və b. aid edilir.

Tütünün 40-a yaxın növü məlumdur. Bu bitkinin vətəni XVI əsrə qədər  Simali və Cənubi Amerika  olub. Tütünün  1492-ci ildə X.Kolumbun ekspediyasının üzvü Roman  Pane  tərəfindən Avropaya gətirildiyi bildirilir. Avropada əvvəlcə o dekorativ bitki kimi becərilib. Sonralar isə bütün Avropaya yayılıb. Dünyada tütündən istifadə ilk öncə böyük təzyiqlə üzləşib. Məsələn, 1632-ci ildə   Osmanlı sultanı papiros çəkənlərin boynunun vurulması barədə əmr vermişdi. Tütün çəkilməsinə qarşı  1683-cü ildə Rusiyada da  çar tərəfindən qabaqlayıcı tədbirlər görülməyə başlamışdı. Tütün satanları burnunun kəsilməsi, çəkənləri  isə 60 çubuq vurulması cəzası gözləyirdi.

Rusiyada I Pyotrun hakimiyyəti başa çatdıqdan sonra papirosun çəkilməsinə qoyulan qadağa  ləğv olundu. Və tütündən istifadə olunması Rusiyanın digər ərazilərinə də  yayıldı.  Sonralar tütün Rusiyadan Azərbaycana  gətirildi. Respublikamızda  tütündən istifadə əsasən II Dünya müharibəsindən sonra  daha da genişləndi.

 Ümumdünya Səhiyyə Təşkilatının 2017-ci ildə açıqladığı dəhşətli statistikaya  əsasən  siqaretdən hər il  passiv siqaretçəkənlər də daxil olmaqla 8 milyondan çox insan ölür. Acınacaqlı hal ondadır ki, uşaqlar, yeniyetmələr və gənclər arasında  tütündən istifadə ildən-ilə artır. Ən zərərli vərdiş sayılan tütün dünyada əhalinin ölüm səbəbinə görə ikinci yerdədir. Siqaretçəkənlərin hər on nəfərindən biri vaxtsız ölüm hadisəsilə üzləşir. Siqaretdən ən çox istifadə edənlər  Cənub-Şərqi Asiyada və Avropanın Balkan yarımadasındakı bölgələrdə  yaşayanlardır. Danimarka dünyanın   qadınların  kişilərə nisbətən   ən çox siqaret çəkən ölkəsidir. Digər Avropa ölkələrində  siqaretdən istifadə edən kişilərlə qadınların sayı arasında da   fərq çox azdır. Dünyada olan 1 milyard 100 milyon siqaret istifadəçisinin  80 faizi  orta və aşağı gəliri olan ölkələrin vətəndaşlarıdır.

Tüstünün insan orqanizminə mənfi təsiri barədə  uzun illər təblğat-təşviqat işlərinin aparılmasına baxmayaraq dünyada   siqaretçəkənlərin sayı ildən-ilə artır. Ən dəhşətlisi isə bu bəlanın uşaqlar, yeniyetmə-gənclər, xüsusilə qızlar arasında geniş yayılmasıdır. Ümumdünya Səhiyyə Assambleyası təxminən 50 il  bundan əvvəl, yəni 1970-ci ildə  siqaretçəkmənin zərəri, onun bir çox xəstəliklərin, xüsusilə ağciyər və ürək-damar  xəstəliklərinin daha da inkişaf etməsinin, xroniki bronxit, xərçəng və s. xəstəliklərin yaranmasına səbəbkarı olduğu barədə  dünyanın bütün səhiyyə orqanlarına müraciət etmişdir. Həmin müraciətdə dünyada ən qurxunc bəlalardan biri  siqaretçəkməyə qarşı ciddi tədbirlər görülməsi və əhali arasında kütləvi maariflənmə işlərinin aparılmasının vacibliyi qeyd edilmişdir. Acınacaqlı vəziyyət ondadır ki, dünyada siqaretçəkən qadınların sayı da ildən-ilə çoxalır.

 

2019-cu ilin statistik rəqəmlərinə əsasən Azərbaycanda siqaretçəkən kişilərin sayı siqaretçəkən qadınların sayından 100 dəfə çoxdur. 2023-cü ilin  27 sentyabrında Azərbaycan Dövlət İnformasiya Agentliyi AZƏRTAC tərəfindən verilən xəbərə görə Ümumdünya Səhiyyə Təşkilatı dərslərdə, küçədə, oyun vaxtı, məktəb avtobusunu gözləyərkən və b.  adi və elektron siqaret çəkməyi  qadağan etməyi çağırış edib. Bildirilib ki,  gənclər bu gün də  tütün və nikotin məmulatlarına  aid olan marketinq auditoriyasının əsas hədəfi sayılır. ÜST-nın həmin çağırışında göstərilir ki,  son dövrdə elektron siqaretdən istifadə  xeyli genişlənib.  Həmin çağırışda siqaretçəkən hər on nəfərdən doqquzunun 18 yaşından əvvəl, hətta bəzilərinin  11 yaşınadək  bu zərərli vərdişə aludəçiliyi bildirilir.

ÜST-nin Tibb şöbəsinin  rəhbəri Kerstin Sotte  Cenevrədə  jurnalistlər qarşısında belə bir məlumatla çıxış edərək deyib ki,  dünyada siqaretçəkmə hər il 8 milyon  və ya hər dörd saniyədən bir  1 insanın dünyadan köçməsinə səbəb olur. Hətta, siqaret istifadəçisi olmayan 1.3 milyon insan isə hər il passiv siqaretçəkmənin qurbanına çevrilir. 

Qadınlar dünyada siqaretdən istifadə edən 1 milyarddan çox insanın 20 faizini təşkil edir. Lakin bu faiz ildən ilə artır. Qızlar arasında həmin göstərici böyük artım sürətilə inkişaf edir.ÜST-nın  “Qadınlar və sağlamlıq” hesabatında 151 ölkədən toplanmış hesabat məlumatlarına istinad edilərək bildirilir ki, həmin ölkələr üzrə gənc qızların 7 faizi, gənc oğlanların isə 12 faizi  siqaret çəkir. Faciəvi hal odur ki, hətta bəzi ölkələrdə siqaret çəkən oğlanlarla qızların sayı bərabərdir.

ÜST-nın açıqladığı hesabat məlumatlarına görə Azərbaycan dünyada siqaretçəkən ölkələr içərisində 85-ci sıradadır. Ölkəmiz ÜST-nın “Tütünə qarşı mübarizə haqqında Çərçivə Konvensiyası” na  2005-ci ilin noyabrın 1-də qoşulub. Bu konvensiya tütündən istifadə nəticəsində ölüm və xəstəlik hallarının qarşısının alınması, tütündən istifadəni tədricən ildən-ilə azaltmaq məsələsini qarşıya məqsəd qoyur. 

Tədqiqatçılar araşdırma nəticəsində sübuta yetirmişlər ki, siqaret tüstüsünün tərkibində 7000-dək kimyəvi maddə vardır. Siqaret çəkməyən insanlar siqaretdən istifadə edən insanlarla bir qapalı məkanda olduqda  onlar da hava vasitəsilə həmin tüstünü qəbul etmək məcburiyyətində qalırlar.

Respublikamızda istehsal edilmiş və satış üçün dövriyyəyə buraxılmış tütün məmulatının tərkibindəki nikotinin, tütün qətranının və karbon monoksidinin ildə bir dəfə yoxlanması  və müvafiq icra orqanına məlumat verilməsi  həyata keçiririlir. Ticarət şəbəkəsində  tütün məmulatının 18 yaşına çatmamış şəxslərə satılması qanunla qadağan edilir.

Zakir Bayramlı,

Şair-publisist, AY və AJ Birliyinin üzvü,  təhsil işçisi