Ayaz Arabaçı : - Qaranquşlar gəlmədi ki, gəlmədi..

Otlar çıxdı ürəyimin dağından,
Güllər çıxdı xəzan döymüş bağından,
Bitib qaldım pəncərəmin önündə,
Qum göyərdi gözlərimin ağından..
Qaranquşlar gəlmədi ki, gəlmədi..
Yarpaqladı qışdan çıxan budaqlar,
Aşıb-daşdı yuxulamış bulaqlar,
Palçıq qatıb,küləş tapıb, çöp yığıb,
Evcik-evcik oynardılar bu vaxtlar.
Qaranquşlar gəlmədi ki, gəlmədi..
Misra-misra söz gətirib gələrdi,
Cünun kimi saz gətirib gələrdi,
Körpələrin gülüşləri azaldı,
Uşaqlara yaz gətirib gələrdi.
Qaranquşlar gəlmədi ki, gəlmədi..
Uçardılar səhərlərin alnına,
Boz kəndlərin,şəhərlərin alnına,
Bu il bizə göndərənmi unutdu,
Düyümləndik qəhərlərin alnına.
Qaranquşlar gəlmədi ki, gəlmədi.
Günəş doğdu bir üz zülmət, bir üz dan,
İsinmədi ürəyimiz o üzdən,
Neçə dəfə yuvamızı dəyişdik
Gördülər ki, çıxammırıq payızdan.
Qaranquşlar gəlmədi ki, gəlmədi..