Qəşəm İsabəyıi : - BİR CÜT ƏL MƏNİ NECƏ ALDATDI

1.
Təzəcə gözümü yummuşdum, gördüm divarları ağ-appaq dar bir otaqdı, döşəməsindən tavanına qədər qalaq-qalaq kitab yığılıb. Otağın ortasındakı kiçik bir qalağın üstündə isə yanaqları boyu göz yaşları axıb tökülən nimdaş paltarlı bir cavan oturub. Ayaqlarının yerə dəymədiyindən hiss elədim ki, bəstəboydu. Özü də tez-tez ovcunu suçəkən kimi dirəyirdi gözlərinə. “Əlni götürən kimi göz yaşları sel olub yanaqları boyu axıb tökülür, üst-başını isladırdı. Bax¬dım ki, əlinin üstü cadar-cadar olmuş qaratorpaq kimidi...
Bu hadisənin həyəcanı məni yuxudan oyatdı. Tez əllərimi açıb, ovuclarıma baxdım – gül kimiydi. Sonra da rəhmətlik anamsayagı “Bismillah! – eləyib, –Allah xeyirə calasın, bu nə yuxuydu, görürdüm,” deyə fikrə getdim.
Yenidən haçan məni yuxu aparıb, xəbərim olmayıb.
2.
–İkinci dəfəydi, bir cüt əl məni aldadırdı.
–Əl?! – Qələm və qədim dostum şair Tariyel Ümid ümidsizliklə üzümə baxdı.
–Kitabımı çap elətdirmək üçün mətbəə axtarırdım.
Bir gün də öz ayağı ilə bir çapçı gəlib çıxdı qapıma. Otağa dəvət elədim – üz-üzə oturanda diksindim:
–Yaman tanış gəlirsən mənə.
Çiynini çəkdi:
–Siz yazıçı, mən çapçı, Allahın ver günü neçə-neçə kitab nəşr edilir, neçə-neçə təqdimat-filan...
–Yox, xatırlaya bilmirəm harda gördüyümü. Amma görmüşəm. De, görüm, haralısan?
–Dağlı məhəlləsində yaşayıram.
–Həəə... deməli dağlısan?!
–Bəli.
–Yaxşı kişiləri ölüb getdi dağlıların.
–Müəllim, Hacı Bahadır var, Kürdəmirli, onun sözü olmasın, ümumiyyətlə yaxşı kişi qalıb indi?!
–Çox az... Çay verim, çaxır?
–Namaz əhliyəm, müəllim.
–Bəs çay?
Gülüb, əllərini açıb tutdu qarşımda:
–Bu əllərlə çay içə bilərəm məgər, nəlbəkini batırıb-bulasam, mətbəə rəngini çətin təmizləmək olar ondan. – Tez də qayıtdı, – çox sağ olun, tələsiyirəm, inşallah, növ¬bəti dəfəyə qalsın. Çap-kitab işlərində nə qulluğunuz var mənlik?
Qovluğu açıb, qoydum qarşısına:
–Bu kitabı 300 nüsxədə neçəyə çap eləyə bilərsən?
Əlyazmasını götürüb, tələsik vərəqləyib, cəld qoydu
stolun üstünə:
–850 manata!
Ürəyimdə dedim, sərfəli qiymətdi. Susduğumu görüb, tələsik qayıtdı:
–Pulunu indi versəniz, güzəştə gedərəm.
–Necə?
–750 manata.
Özüm təqaüdçü, təqaüdüm də nə salavata çatır, nə dəstəmaza... Tez əlimi saldım cibimə ki, köpəyoğlu fikrini dəyişər birdən... pulu çıxardıb qoyum qarşısına. Dolları görəndə gözləri işıldadı. Şaqqa-şaq sayıb, gülümsədi:
–70 manat kəmdi.
–Kitabın nübar nüsxəsini mənə gətirəndə, inşallah, onu da alar¬san.
–Halallıq verin!
–Halal xoşun olsun!
İldırım kimi xəyalımdan keçdi – bu nə halallıqdı, görəsən?! Bəlkə pulun dalına keçmək fikrinə düşüb, bəri başdan halallıq istəyir?!
Ayağa duranda, saxladım:
–Bu qalın dəftəri görürsən?
–Nədir ki?
–“Gündəlik”di. Əziyyətdən keçib, aydınlıq üçün bu¬ra¬dakı boş yerə yaz: “Filankəsli Filankəsdən, yəni mən-dən, 208 səhifəlik 300 kitabın çapı üçün 680 azn aldım.”.
Heç tərəddüd eləmədi. Qələmi götürüb, dediklərimi
yazdı, tarixi qoyub, qol çəkdi.
Dərindən nəfəs alıb, oldum arxayın. Hiss elədim ki,
o, məndən də qabaq arxayın olubmuş.
Haqdı pulu verdim, dilindən kağız da aldım, ancaq şübhə içindəydim. Axı ilk dəfəydi bu adamla iş birliyi qururdum. Birdən əllərinə baxdım. Gördüm günlərlə aclıq çəkmiş adamın qanı qaçmış boz sifətinə bənzəyir əlləri – mətbəə rənginin qara günə qoyduğu, cadar-cadar olmuş bu əzalar şübhəmi yel kimi kürüyüb apardı: “Belə əlin sahibi haram yeməz!”.
3.
Günlər ay olub, aylar üç olanda zəng elədim. Telefonu açmadı. İstiləndim. Yarım saat sonra bir də yığdım onu. Yenə də eyni hal. 30-35 dəqiqə keçməmiş özü zəng elədi:
–Salam, müəllim, necəsiniz? Bağışlayın, əlimdə çap işi vardı.
–Eyb etməz, eyb etməz, bizim kitabdan nə xəbər?
–Vermişəm, mətni metal təbəqəyə köçürdürlər.
–Tezliklə çapa verəcəksiniz yəqin, Allah qoysa?!
–Allah qoysa!
Bu gedişlə bir ay da gözlədim.
Birdən, şübhəmi dağıtmaq üçün mətbəəçi dostlarımdan birinə zəng eləyib, əhvalatı danışdım.
–Məni tanıya-tanıya burda qoyub, niyə kənara üz
tutmusunuz, müəllim?!
–Bu, olacaqmış, əziz dost. Bir cənublu şairimiz belə yerdə yazıb da – əcəl gələndə quş daşı görməz!
–Adı nədi çapçının?
–Ceyka.
–Ceyka?! Kitabın çap xərcini bəri başdan almamış olmaz sizdən?
–70 manat borcum...
Sözümü ağzımda qoydu:
–Mən tanıdığım Ceykadırsa, işə başlamamış o 70-i də alama¬lıdı ki, borclu qalmayasınız ona!
–Onu da aldı.
–Deyin ki, day işiniz qalıb Allaha!
–Necə?
–Bu adam ahıl bilmir, cahıl bilmir, qadın bilmir, kişi bilmir, qabağına çıxanı aldadır. Nəşriyyatın qapısında duran polislərə siqaretdən-zaddan verib, dost tutub onları. Aldanan-aldanan gəlib soruşur Ceykanı, polislər də “işdə yoxdu” deyə onları başlarından eləyirlər. Deyim ki, 3 ildi bizimlə bir həyətdə işləyir, heç birimiz bilməyirik ki, onun əsl adı nədir.
–Deməli, mənim pulum Mirzə Ələkbər Sabir demişkən getdi “Xəlilullah eşqinə?!”
–Arxayın ola bilərsiniz.
–Verəcəm məhkəməyə!
–Onu indiyəcən məhkəməyə verib, udan olmayıb
hələ. Ən yaxşı halda alabaşına-külbaşına 300 deyibsə,100 kitabı ri¬zoqrafla çap eləyib, atacaq üstünüzə.
–Niyə alabaşına-külbaşına, öhdəlik götürüb axı, ofset
üsuluyla çap eləyəcək kitabımı?!
–Yazılıdı öhdəliyi?
–Xeyr, əyani!
–Müəllim, uşaq deyilsiniz, indi də əyani iş görərlər bə¬yəm?!
–Etibar elədim...
–Dediyiniz o “etibar” adda-soyadda qalıb, müəllim!
–Axı kitablar gətirmişdi, baxdım ki, ofsetdə çap edi¬lib.
–O yan-bu yandan əlinə keçən kitabları yığıb gətirib sizə ki, baxıb, aldanasınız. Onun bir köhnə kompüteri var, bir cındır printeri var, bir də icarəyə götürdüyü ucuz bir otağı, ofset maşını nə gəzir?!
–İndi mən neyləyim bəs?!
–Neyləyəcəksiniz, hesab eləyin ki, aldanıb pulu yeyilən müəlliflərdən biri də siz olmusunuz!
–Bunun mənə nə xeyri?!
–Xeyri odur ki, gənə də təsəllidi!
–Təsəlli niyə?!
–İraq sizdən, atalat deməyib ki, cəhənnəmə gedən yoldaşını çox istəyər? Siz də, bu hadisənin tək sizin başınıza gəlmədiyi təsəllisiylə itirdiyiniz pulun dərdini ürəyinizə salmazsınız!
–Xeyr, Ceykanı bağışlamaq fikrim yoxdu!
–Allah xeyrinizi versin, müəllim!
4.
Eləmədim tənbəllik, çapçını verdim polisə. Düz bir aydan sonra təhqiqatçı zəng eləyib, məni çağırdı idarəyə. Otağa girəndə gördüm bir polis nəfəri divanda uzanıb yatır. Ürəyimdə dedim, doğrudan da polis olmaq o qədər də asan məsələ deyilmiş. Bir azdan yazığı silkələyib oyatdılar. Gözünü açıb məni görəndə acı-acı gülümsədi:
–Səhərəcən qəsəbəni gəzib dolaşmışam.
–Doğrudan da polis olmaq ağır vəzifədi.
Razlıqla başını yelləyib, soruşdu:
–Şikayətçi sizsiniz?
–Bəli.
–Bu dəqiqə, deyib, ayağa durdu. Başını qapıdan çıxardıb kimisə çağırdı. Sonra mənə tərəf çevrildi. – Bu dəqiqə gəlib sizin izahatınızı alacaq...
Ucaboy bir polis nəfəri girdi otağa. Salam verib, keçib oturdu mənimlə üz-üzə. İlk baxışda istədim aramıza xoş bir ünsiyyət salım:
–Cənab pols, haralısınız?
–İmişlidənəm,– dedi.
Yerlibazlıq hissini oyatmaq üçün özümü heyrətə gəlmiş kimi göstərdim:
–Bahooo... yerliyik ki!
Reaksiya vermədi.
Bir də cəhd elədim:
–Kürün sağ sahilindən siz, sol sahilindən bizik.
Yenə də eyni əhval.
Əl çəkmək fikrim yox idi, bu dəfə də adını soruşdum.
–Mürüvvətdi, – dedi.
Qoltuğuna qarpız vermək istədim:
–Mərd kişilərə xas addı!
Polis əlini saxlayıb o dəqiqə gülümsəyib, maraqla üzümə baxdı:
–Necə?
–Haqsevər, insaflı...
Hiss elədim ki, bu keyfiyyətlər onu açmadı. Qaşqabağını salladı. Görünür nəyə işarə elədiyimi anlamışdı – yəni mənim işimə düz yanaşın. Çox keçmədi, bir vərəq kağızı uzatdı mənə:
–İzahat üçündü. Əvvəlcə ad-soyad, ünvan və s. sonra mən deyəcəm, siz də yazarsınız.
İzahatı yazıb qurtardıq.
–Burda, – vərəqin axırını göstərdi, – qeyd eləyin ki, izahatı özüm yazdım və qol qoyub, bu günkü tarixi də göstərin.
Dediklərini yerinə yetirəndən sonra vərəqi qoydum qarşıına. Götürüb, o üz-bu üzünə baxıb, qoydu bir qovluğun içinə.
–Mürüvvət müəllim, bəs o dələduzu nə vaxtı gətirirsiniz bölməyə?!
–Müəllim, biz ona dələduz deyə bilmərik, sizə də məsləhət görürəm ki, vətəndaşa belə mövqedən yanaşmayasınız.
–Hansı mövqedən, cənab polis?!
–Hələ sübut olunmayıb sizin qələmə verdiyiniz kimi Ceykanın “dələduz”luğu.
Mat-mat üzünə baxdım.
– Onu da çağırmışam, hələ gətirə bilmirik bölməyə!
–Nə böyük şeydi polisin əlində onu tapıb gətirmək?!
–Yerini-yurdunu tapmışıq, amma çağırışımıza gəlmir. İxtiyarı da var, dartıb gətirə bilmərik ki?!
–Bu həmin polis deyildi ki, cinayətkarı yerin deşiyində də olsa tapıb çıxardıb, hələ bir-iki də çəkirdi qabırğasına?!
–İndi polisin bir üstün cəhəti var ki, paltarı yaraşıqlıdı. Hünəri nədi cinayətkara toxunaqlı bir söz desin, ya da iraq olsun, solaxayı bir şapalaq ilişdirsin təpəsinə, o günü mitilini atarlar!
Ürəyimdə dedim, İlahi, şükr sənə, qulaqlarım nələr eşidir?!
5.
Bir ay 10 gündən sonra təhqiqatçıdan məktub aldım: “Cavabdeh çağırışa gəlmədiyi üçün işə xitam verilir.”.
Qərarımda qətiydim –sona çatdırmayınca bu işdən əl çəkəsi deyildim.
Bu dəfə də polis bölmə rəisinin qəbuluna getdim. İki¬mərtəbəli binanın girişində 2-3 polis və idman paltarında olan bir nəfər söhbət eləyirdi.
Düzünü deyim, yanlarından saymazyana keçdim. Dalımca bir polis içəri girdi:
–Eşidirəm, sizə kim lazım... – sözü ağzında qaldı, tez
– bu yana çəkilin... bu yana çəkilin... – az qaldı məni divara tərəf itələsin.
Bu zaman içəri girən idman geyimində olan şəxs başladı onu məzəmət eləməyə:
– “Bu yana çəkilin... bu yana çəkilin...” nə deməkdi?! Mən yana çəkilməliykən, ağsaqqala qarşı bu nə saymazlıqdı?!
–Rəis...
Başa düşdüm ki, idman paltarında olan şəxs rəis imiş.
–Ağsaqqal, buyurun, ikinci mərtəbəyə qalxaq – mənim otağıma.
Bölmə rəisi mənimlə polis-şikayətçi kimi yox, iki dost kimi söhbət elədi:
–Dələduzluq, – dedi, – bu gün ölkəmizdə baş alıb gedir. Baxın bu siyahıya, burda minlərlə adamın, daha doğrusu dələduzun adı var. Çoxu da ölkədən çıxıb. Nə yolla, o da sirdi?! İndi gəl polis kimi axtar, tap bunları, görüm necə tapırsan?!
Rəis götürüb rayon prokuroruna zəng elədi: “Bir professor var, şikayətçidi, bəs xahiş edirəm, bizim filan tarixli qərarımızı ləğv edəsiniz, işi təzədən təhqiqata verəcəyik.”.
Bir həftəyə təzə qərarı aldım və çapçını vəkil dostum Tofiq Şirinlinin hazırladığı iddia ərizəsiylə verdim məhkəməyə. Beş günün içində ilk məhkəmə iclası oldu. Çapçı Ceyka gəlməmişdi. 10 gündən sonra daha bir məhkəmə iclası keçirildi, dələduz bu dəfə də saymazlıq elədi. Lakin hakim mənim xeyrimə qərar çıxartdı: “Zərərçəkmişin iddiası qismən təmin edilsin.”
Bu “qismən” çapçının məndən aldığı 750 manat idi. Hələ haqqın öz yerini tapdığını demək olmasa da, xeyli sevindim.
6.
Gecə çapçı Ceyka yuxuma girdi. Deyirəm axı, ilk dəfə onunla görüşəndə sifəti mənə tanış gəlmişdi. Demə, 6 ay əvvəl yuxuda gördüyüm ağlayan cavan bu dələduz imiş. Məni görən kimi başladı gileylənməyə:
–Niyə məni xərcə saldınız, müəllim?!
–Əvvəla bir sualıma cavab verə bilərsən?!
–O nə sözdü, əlbəttə?!
–De, görüm, yarım il əvvəl bir qalaq kitabın üstündə oturub, niyə ağlayırdın?
Sualımı eşidən kimi Ceykanın gözü kəlləsinə çıxdı:
–Müəllim, peyğəmbər deyilsiniz ki?!
–Şair Hüseyn Cavid demişkən: “Peyğəmbər idim, himmətim olsa...”.
–Axı mən adamların gözündən kənar, dörd divarın arasında oturub ağlamışdım. Onu siz hardan görə bilər-diniz?
–Haqqın dərgahından.
–O haradı?
–Oruc tutub, namaz qılan deyilsən?!
–Din elmindən xəbərim yoxdu, müəllim.
–Haqqın dərgahı yuxudu, bala?
–Yuxuda görmüşdünüz məni?!
–Bəli!
–Axı biz tanış deyildik onda?
–Allah mənə qabaqcadan gələn narahatlığı əyan eləyirmiş, başa düşməmişəm.
Bunları eşidəndə Ceyka içini çəkib, salavat çevirdi:
–İlahi!
–De, görüm, niyə ağlayırdın?
–Məni bir sifarişçi aldatmışdı.
–Öz əməlin öz başına gəlibmiş da, ağlamalı deyildin axı!
–Məsələ ondadır ki, mənə sifariş verən şəxs vergidə işləyirmiş, demə. Mən də pulunu aldığım adamların hansına qəbz vermişdim ki, ona da verəydim. Bu adam da həm kitabını çap elətdirdi mənə, həm də xeyli ziyana saldı.
–Nə mənada?
–Vergidən yayınma maddəsiylə üstümə kəsdirdiyi cəriməyə görə maşınımı satdım.
–Aldanmaq belə ağır idisə, de görüm, məni niyə aldatdın bəs?
Ceyka gülümsədi:
–Mən tək deyiləm ki, müəllim, gündə onlarla adam onlarla adamı aldadır Bakıda.
–Allahın bacısı oğlu olsaydın da, məni aldada bilməzdin?!
–Nə oldu bəs?!
–Əllərin aldatdı məni!
–Əllərimin nəyinə aldandın, müəllim?
–Cadar-cadar olub, mətbəə rəngindən qaysaq bağlamasına!
–Buyurun, – deyə, əllərini qabağa uzadıb, o üz-bu üzünə çevirdi.
–Mən gördüyüm əllər deyil bunlar!
–Əlbəttə!
–Nə demək istəyirsən?!
–Hər oğrunun bir oğurluq üsulu olduğu kimi, mənim də aldatma üsulum əllərimdi. Sifarişçiylə görüşməzdən qabaq əllərimi mətbəə rənginə bulayıb, torpağa sürtüb qaraldıram. Yoxsa bu qədər avamı necə aldada bilərdim.
–Səhv eşitmədim ki?!
–Nəyi?
–“avam”ı, ya “adam”ı?
Bərkdən güldü.
–Çox gülməlidi?!
–O boyda aldatmışam sizi, hələ də kürəyinizi yerə vurmaq istəmirsiniz, müəllim!
–Bu nə deməkdi?!
–Avamı... müəllim... avamı, deyirəm!
04.12.2024 - 19.05.2025