Elnur Uğur Abdiyev : - Sirr kimi gəlmişəm yer kürəsinə

Sirr kimi gəlmişəm yer kürəsinə,
Şifrəmin ilk hərfi eşq sözündədi.
Küləktək məkansız, yurdsuz,yersizəm
Əbədi məkanım göy üzündədi.
Bir eşqə təşnəyəm adı Vətəndi,
Qəlbdə ocaq yanır, odu Vətəndi.
Havadı,torpaqdı,sudu- Vətəndi-
O Vətən dünyanın o üzündədi.
Elnura Tanrıdan gəlib butalar,
Butanı büt sayan ruhən lüt olar.
El gözü tərəzi deyib atalar,
Soruşun, kimliyim el gözündədi.