SÜLEYMAN ABDULLA: - QAR SUYU ŞEİR

Ədəbiyyat 19:10 / 20.05.2025 Baxış sayı: 1495

Daha heç nə kəsmir ağlı adamın,

İstilər düşəndə qar suyu olur.

Düşünür bir saray qurum him üstə,

Qazdığı kalafa dar quyu olur.

 

Qəfil çınqıl çıxır kirpiklərindən,

Gözündə qaralan his imiş elə.

Qarışır dünyanın yaxşı-yamanı,

Ən yaxşı saydığı pis imiş elə.

 

Asandır çəkilmək gözündən dara,

Gözdə işıq gərək, üzdə nur bir az.

Gərək danışasan axar sulara,

Həqiqət özü də yuxudur bir az.

 

Olub keçənləri röya bil, amma,

Görən qəm-kədərə batmasın gərək.

Yuxusuz qalmaq da iş deyil, amma,

Adamın taleyi yatmasın gərək.

 

Gərək ümidlərin dönməsin suya,

Mən öz umduğumda batıb axdım ki...

Üzmək öyrədirdim ovcuma guya,

Hər yerdən üzüldü əlim baxdım ki...

 

Biri sözdən keçər, başqası candan,

Göz yaşı su kimi axır bu şamın...

Bu fani dünyadan, gidi zamandan,

Daha heç nə kəsmir ağlı adamın.