ÜRƏYİMƏ MƏKTUB -  Nazim Əhmədli

Ədəbiyyat 20:08 / 01.07.2026 Baxış sayı: 219

 

Salam, necəsən ürəyim,

sinəmin altı necədi;

məni hər yana çapırsan,

mindiyin atın, necədi;

 

bu qələmim lələk deyil,

şair hələ mələk deyil;

hamı sənə ürək deyir,

adın, soyadın, necədi;

 

bezmədin, canımdan mənim,

dərd ötmür, yanımdan mənim;

doymursan, qanımdan mənim,

qanımın dadı, necədi;

 

bilmirəm ki, qışam, yazam,

saçıma baxdım, bəyazam;

gərək sənə nəsə yazam,

şeir, bayatı, necədi;

bir gün gələn, bir gün gedər,

dərd-sərin məni əridər;

ürəyim, bir məktub göndər,

görüm, həyatın necədi.

12.04.2019.