Şahverən Cavad - Gözün aydın olsun
Sıldırım dağları , sal qayaları ,
Türkün əzəməti muma döndərib .
Lay , lay yığılıbdır qum təpələri ,
Zaman ömürləri quma döndərib .
Sanki xoşməramlı səfirlərdilər -
Keçir sərhədləri azad dalğalar .
Sahillər üfüqü əsir götürüb ,
Hər coşqun dalğada Türkün ruhu var .
Cılov gəmirirlər dəli dalğalar ,
Ağzı köpüklənib , yorğa kəhər tək .
Gözün aydın olsun , Qara dənizim ,
Doğma qardaşın var - mavi Xəzər tək .
Biz iki dövlətik , vahid millətik ,
İlahi sevgilər ölmür , silinmir .
Sevginin sərhədi , vaxtın sahili ,
Dünyanın özü tək sirdir , bilinmir .
Türkün səlnaməsi , ay Qara dəniz ,
Hər dalğan bir şanlı tarix daşıyır
Su deyil , sevgiylə döyünür qəlbin ,
Türkün tərcümeyi halı yaşayır .
01 . 07 .2026
Türkiyə . Samsun şəhər