Yadigar Təvəkgül - Hər kəsə yetişdim,hər kəsə çatdım
Hər kəsə yetişdim,hər kəsə çatdım ,
Hər səsə səs verdim ,hər əli tutdum ,
Özümə sadəcə bir addım atdım,
Əfsus ki, nə çatdım,nə tuta bildim,
Göydə bulud doldu ovcumu açdım,
Günəş gülümsədi quş oldum uçdum,
Nə bir yerdə durdum ,nə qoyub qaçdım,
Nə mənə geçikdim ,nə çata bildim.
Yara qoparmadım,ürək oymadım,
Sözdən söz qoparıb,dili soymadım,
Gözün də haqqını yaşda qoymadım,
Nə quruda bildim,nə bata bildim,
Ümidlərim yaşa doldu qocaldı,
Ruhum pərvaz edib göyə ucaldı,
Xəyallarım gözlərimdən öc aldı,
Nə oyana bildim,nə yata bildim.
Bu daş qürurumla qaya sındırdım,
Qurunun oduna yaşı yandırdım,
Hərdən içimdəki məni öldürdüm,
Nə basdıra bildim,nə ata bildim.
Dağların başından duman ,çən kimi,
Ələndin saçıma sən də dən kimi,
Səndə mən olmadım ,məndə sən kimi,
Nə unuda bildim,nə tuta bildim.