Ağacəfər Həsənli - VƏD
Ədəbiyyat
13:45 / 12.04.2026
Baxış sayı: 377
Həftənin yeddi günündən
buket bağladım:
yeddi gün,
yeddi gül...
Hər gün gözlədim səni,
izlədim gecə-gündüz,
sən gələn tərəfə boylandım.
Arada tərəf məlum deyildi-
məxfi uydurmam idi,
özümə təsəllim.
Yalançı fəslim.
Yeddi gün ,
yeddi gül.
Yeddi rəng,
yeddi ahəng.
Yeddi şeytan vəsvəsəsi,
yalançı Adəm fəlsəfəsi,
geydirmə meydan əsməcəsi.
Şənbə günü-
şənbə gülü.
Cümə günü-
cümə gülü.
Bazar günü-
bazar gülü.
Həftənin günləri-
boynu bükülü.
Zərif yarpaqları
dibinə tökülüb.
Harda ləngidin?!