Allahverdi Eminov - Məmməd Araz poeziyasında təhtəlşüur aktı

YAZARLAR 10:29 / 12.04.2026 Baxış sayı: 535

 

(VII məqalə)

 

Şair yaradıcılıq prosesində müxtəlif mənəvi – ruhi və ictimai – sosial situ-asiyalarla qarşılaşır və onda yazmaq həvəsi oyanır. Belə ki, insanların psixi dav-ranışı, hadisələrə münasibəti, gözəlliyə baxışı və sair hissləri müəyyən assosiyalar doğurur. Bu insanlar arasında eləsi var – tərki – dünya və həyat tərzinin gücü ilə vücudunda zəiflik əmələ gəlirsə, “həyat iskiri”nin qarşısını almağı bacarır. İnsanda cinsi meyillər baş qaldırır, bu isə fitridir, daxili tələbatdır. Deyək ki, zahidlər, brəhmənlər (hindlilər) əziyyətə tab gətirməklə bu qeyri – adi hissi zəiflədirlər, hətta yada düşmür. Lakin qeyri – leqal şəraitdə fürsəti ötürmürlər oyanmış ehtirasları dirçəlir, oyandaş olurlar...

Məmməd Araz poeziyası onun varlığında yaradıcı – ehtiraslı duyğulara cavab vermişdir. O, şeirləri ki, yazmışdır – bu hisslər onun ilhamının dərinliyindən gəlmişdir. Məsələn, “Kəklik” şeirində oxuyuruq.

 

Nə çəkirsən narın – narın,

Yenə daşdan – daşa kəklik?

Könlüm istər nəğmən kimi

Bircə nəğmə qoşa, kəklik!

 

Niyə təksən, danış əzəl,

Dağlar qızı, xalın gözəl!

Bir vəfalı yar ilə gəl

Vuraq ömrü başa, kəklik!

 

Dağlar qoynu çiçək – çiçək,

Mən gedirəm, getmir ürək,

Uç Məmmədin xəyali tək –

Bu dağlarda yaşa, kəklik!

Məmməd Arazın poeziyasına nüfuz edəndə onun poetik davranışında idrak dayanır, bu, yoxsa “libido” deyilən maddiyyat ödənilmir. Ona görə də varlığın özü olan həyat sönükdür, puçdur, dəyərsizdir. Şairə məxsus poetik dəyərlər mövcuddur – onun şeirə çevrilməsi şair tərəfindən qələmə alınmalıdır və bu, təbii, yaxud qeyri – iradi, təhtəlşüurun istəklərilə bağlıdır, şairin poetik davranışına hakim kəsilir: Bu hal o zaman baş qaldırır – sevgi – eşq onun dəruni hisslərindən süzülür. Məsələn, “Sən getdin” şeiri belə bir “aqibətin” məhsuludur.

 

Sən mənim yazıma birinci yağış,

Sən mənim qışıma sonuncu qardın.

O mənim qəlbimdə ümman tapmamış

Pərişan bir eşqi hara apardın...

 

Sən getdin son həsrət eşqi gözümdən

Qəlbimə axmadı sözlə, qılıqla.

Bəlkə oğurlayıb səni özümdən

Sənə qaytarardım bu ayrılıqla...

 

Son dəfə dinlədim ayaq səsini,

Qəlbimdə bir tufan qopdu dərindən.

Sən getdin, elə bil Yer kürəsini

Ayırdın bir anlıq öz məhvərindən.

 

Dəydi bir-birinə səma, dəniz, dağ,

O görüş nə idi, bu ayrılıq nə?

Nə bilim, bəlkə də bir qəlbi qırmaq –

Bir tale yıxmaqdan asandır mənə.

 

Bir də ki, dənizə bənzər bu aləm,

Həyatım, taleyim onsuz deyildir.

Mən yalnız gəmiyəm, üzmək bilirəm,

Hara üzdüyümü özgələr bilir...

 

Bu, o eşqdir – sevgidir şairi coşğun sel – su kimi yerindən oynatmışdır, gö-zəlliyin ağuşuna atmışdır. Məmməd Araz bu şeiri 30 yaşında yazmışdır. Bununla o, İnsan olaraq yaşayan, duyan kişi funksiyasını ödəmişdir.

Məmməd Araz üçün İnsan – şair möhtəşəm məxluqdur, həyatı anlayır, ha-disələri qavrayır, ziddiyyətlərin hər iki qütbünü fərqləndirir – zəkası, hissiyyatı va-sitəsi ilə, Kainata – Dünyaya hakim kəsilən qanunların, əlaqələrin gerçəkliyini mə-nimsəyir. Məmməd Araz üçün Varlıqda insan kamil üstünlüklərə malikdir, yox əgər şair doğulubsa hissi idrakla yaradır, özünü “sakitləşdirəndən” sonra özünü xoşbəxt hiss edir. Və bir suala cavab axtarmışdır: “Xoşbəxtlik şairlərdən nə üçün qaçır?” Məmməd Araz  isə xoşbəxt idi, hər şeirində yaşayırdı. Antik filosof Pla-tona (Sokratın müəllimi) görə, xoşbəxtlik dürüstlükdən və ədalətdən irəli gəlir. Epikur üçün xoşbəxtlik zövqdən və sakitlikdən doğur. Məmməd Araz hər iki ya-naşmanı özündə yaşadırdı. Bunu şairin qələmdaşları duymuşlar. Musa Yaqub, Nəriman Həsənzadə ona şeirlər yazmışlar. Musa Yaqub yazmışdır:

 

Bir eşqimə hicran möhrü basılmış

Heç bilmirəm necə yazmış yazanım?

Səhvim var ki, bəxtimə də yazılmış,

Daha onu poza bilməz pozanım.

 

Məmməd Araz cavabında təmkinlə, daxili “təkanla” yazdı:

 

Mənim könlüm yad səslərə satılmaz,

Şöhrət üçün hər məclisə atılmaz,

İlhamıma yad nəfəsi qatılmaz,

Təbiətdir ilk ustadım, ozanım.

 

Bu nümunə əslinə qalsa böyük şairimizin sənət kredosudur və belə bir for-muləni xatırlatdı: poetik təkan varsa, şeirin yaranmasına səbəb təsir göstərəndir, tə-sir edənə isə yol əqli idrakın tələbləri ilə bağlıdır və poetik hisslərdən kənarda mövcud deyil.

Xatırlayıram: Məmməd Araz mütaliəni çox sevirdi,o cümlədən Qədim filo-sofları oxuyurdu. Onların İnsan idrakı ilə bağlı mülahizələrinə laqeyd qalmırdı. Ona görə ki, antik hikmətçilər (filosoflar) hissi idrakla əqli idrakın fəaliyyət seçi-mində roluna müxtəlif baxışlar da, əsasən də hissi idrakı arxa plana çəkmişlər. Şair halbuki, hisslərə daha çox üstünlük verməlidir. Məsələn, Məmməd Arazın məşhur şeiri belə bir “formulə”nin məhsuludur.

 

Ana yurdum, hər daşına üz qoyum,

Hər dərəndə çaldığım saz yaşayır.

Kim sənin çiynində,

Sən kiminin...

Şöhrətini az yaşadan yaşayır.

 

Bu gileydən qəlbim yaman xallanır;

Çox ünvanda qaçaq tərif yallanır,

Bir ağacın budağından sallanıb,

Neçə-neçə ağlı dayaz yaşayır.

 

Gülüm, bir də görüşünə yubansam,

Adımı tut, harda dağlar dumansa,

Gözünü sıx,

Hansı daşda su varsa –

O daş altda Məmməd Araz yaşayır.

 

Şair hisslərdən məhrumdursa, o qurumuş ağac kimi yalnız kökündən yaşayır, hissləri qəbul eləmirsə gözəlliyi, təravəti, həyatiliyi və sairi qəbul edə bilməz, ilahi dəyərlərdən uzaqlaşar. Gözəlliyin cazibə qüvvəsinə yadlaşar. Məmməd Araz təbiə-tin ecazkar görüşünə biganə qalmamışdır, “Dağlara qar düşdü”, “Əlvida, dağlar”, “Dağlara çağırış” şeirlərini qələmə aldı, “Şair, qayalara, dağlara söykən, mənim də arzumu sən yaşat, barı”,– deməklə, xatırladır ki, dağıdıcı nə varsa həyatda məqsə-dinə nail olmayacaq, “dağlar öz hökmündə güzəştsiz, ötkəm olur!

 

Dağlar sevgisində bir ulu ata,

Dağlar, ərköyünlər atası deyil.

Kimini xurcuntək çiyninə atan,

Yellənc sapandına qoyub kimini,

Dərələr dibinə atası deyil...

 

Məmməd Arazda poetik yaradıcılıq bir qüdrətdir, təhtəlşüur aktıdır, psixo-analitik mənbələrdən qidalanır, poetik təkanı – qüvvəsi – enerjisi dərinliklərə varır, şairin daxili dünyasından aşkara çıxır, maddiləşir.

Şeir – könülovutma vasitəsidir, şairin gözəlliyə vurğunluğudur, ruhi həyəca-nın sakitləşməsidir.

 

                                                                                                       15.09.2024