Xatirə Rəhimbəyli : - Kim könüllü gedər öz cənnətndən?!

Ədəbiyyat 09:50 / 29.03.2024 Baxış sayı: 744

Sevgilər həmişə haqq olmur axı,

bezdirmişəm səni sədaqətimlə.

Ah, mənə, ilanım, özün buğda dər,

kim könüllü gedər öz cənnətndən?!

 

Cənnət xəyalları qov yaddaşımdan,

mənə bu dünyanın əzabını ver!

Ah, sənə istəyim ta asilikdir,

əlimə dinlərin kitabını ver!

 

Sən axı zalımsan?

Olma sevimli,

zülmün qılıncıyla aç yollarımı!

Nə yer üzü cənnət, nə sən hurisən –

kəndiri kəs, sındır qanadlarımı!

 

Adına qurduğum bu zərif saray

döndü daş zindana sərt həsrətindən...

Ah, mənə, ilamım, özün buğda dər,

kim könüllü gedər öz cənnətndən?!