Xatirə Rəhimbəyli : - Gördün?

Ədəbiyyat 10:45 / 17.02.2025 Baxış sayı: 1063

 

Ömrü boyu məni qandırıb,

ömrün nağılında dörd dolandırıb,

elə it hürdürüb, işıq yandırıb,

Divə ürcah etdi bu yollar məni...

 

Qatdılar başımı dərs oxumaqnan,

savab işlər görüb, günah yumaqnan.

Demədilər, bir gün bir haqsız “Yox!”nan,

zalımlar qayatək oyallar məni..

 

Atıb ovcundakı bu xəzəlləri,

mənim də gül açar görən əllərim?

Görən hayandasa görünər yerim?

Görən mən deyəntək duyallar məni?

 

Dartıb-daşısam da aranı dağa,

bir arzum salamat çıxmır sabaha!

Tanrım, niyə rahat buraxmır daha,

bu yiyəsi ölmüş xəyallar məni...