Xanım İsmayılqızı - Həyatı harasa aparır qatar
Həyatı harasa aparır qatar,
Yollandığı yerin adı bilinmir.
Ora nə təyyarə, nə gəmi gedir,
Ünvanı bilinmir, dadı bilinmir.
Hələ yazılacaq məktub kimiyəm,
Sözüm söz üstünə təpələnibdi.
Tək-tək, bircə-bircə zəncirdən qopan
Hisslər vücuduma səpələnibdi.
Ürəyə yığmışam hər nəyim varsa,
Bir quş qanadına yüklənə bilər.
Səsimə yazmışam deyəcəyimi,
Hansı nota desən köklənə bilər.
Bir doğma qucağa sığışmalıydım,
Dənizə dönmüşəm, içim görünmür.
Ləpələrə bənzər gözüm danışır,
Amma dərinlikdə köçüm görünmür.
Ağacdan üzülən yarpaqlar kimi,
Son rəqsimi edim budaq altında.
Göyə atılıram, yer tutur məni,
Bir öpüş quruyur dodaq altında.
Həyatı harasa aparır qatar,
Yollandığı yerin adı bilinmir.
Ora nə təyyarə, nə gəmi gedir,
Ünvanı bilinmir, dadı bilinmir.
08.08.26.