Ay Bəniz Əliyar - Hardansa çırpınıb əsən meh kimi
Hardansa çırpınıb əsən meh kimi,
Ovudur qəlbini xoş xatirələr.
Ovunar ruhunun
yaralı simi,
qırılmış ümidi...
Eh, daha nələr...
Sanarsan, yarıya çatan bu ömrün,
Acılar almayıb gözünün odun.
Silər yaddaşının tozun büsbütün,
Şıltaq qız olarsan, xoşbəxt bir qadın.
Sanarsan, gül qoxan, kəpənək qovan,
O məsum qızcığaz heç vaxt olmayıb.
Sanki o deyilsən - saf, təmiz, avam,
Qəlbini titrədən heç nə qalmayıb.
Bilmədin, heç necə bu yaşa gəldin,
Yeni bir sabahdır bitən hər axşam.
Nə yaxşı, deyirsən, sevdin-sevildin,
Doldu gözəlliklə xatirə boğçan.
Bəlkə sevgi üçün yaşadın deyə,
Olanlar yaşandı, olmazlar keçdi.
Ruhunu çağırdın səfərbərliyə,
Ömür yarıdırsa, kim deyir, gecdi?
Bu gün nə söyləsən şeir dadacaq,
Bu gün nə yaşasan sözə dönəcək.
Səni yaşadacaq, xatırladacaq,
Yeni xatirələr toplamaq gərək