Sevinc Qərib - ÖMÜRDÜ DƏ..
.
Ömürdü də..,
bir az elə, bir az belə.
sevinci gilə-gilə,
kədəri dərin-dərin...
yıxıla-dura böyüdük,
yaşamaq qoyduq adını.
dərdlə, ələmlə "döyüldük",
gördük hər ağrının dadını.
bir az qəlbimiz qırıldı,
ümid sardıq yaralara.
bir az bağrımız yarıldı,
üsyan etdik qorxulara.
Ömürdü də..,
günü aya, ay ilə dəyişdik.
ara-sıra yollaşdıq,
hərdən də küsüb, əyişdik.
yoxuşu nəfəs kəsdi,
ətək də bizlik olmadı.
dedik bu qədər bəsdi,
Tanrı yanına almadı...
olsaq da varın kasıbı,
ürəkdə adam daşıdıq.
nə qədər çəksək hesaba,
bu ömürlə həmyaşıdıq.
Ömürdü də..,
qaçdıq, qovduq, yarışdıq,
bir az mənim, bir az sənin.
bəxtə düşənlə barışdıq,
payı yeyilər küsənin...