vƏbülfət Mədətoğlu : - Qayğı yağışı

Qalaqlanıb, üst-üstədi qayğılar
Damarları sızıldayır çiynimin...
Adamların sayı qədər qayğı var -
Hamısı da ölçüsündə əynimin!...
Elə bil ki, yağış kimi ələnir
Elə bil ki, mən çətirsiz qalmışam...
Tay ruhum da qayğılara bələnir -
Mən onlara yaman mehir salmışam!
Öləziyib içimdəki çox istək
Qayğılardan hörülən tor sökülmür...
Mən ümidi ha bilsəm də son dəstək -
Qayğıların dişi düşmür, tökülmür!..
Qalaqlanan qayğılara baxdıqcan
Yuxum qaçır, hətta səbrim daralır...
Mən çiynimə olanları yığdıqca -
Hava indi bir az da tez qaralır.