Vaqif Yusifli,filologiya elmlər doktoru : - Yada düşür xatirələr

On beş ildir ki, ədəbi-bədii, nostalji jurnal kimi oxucuların ixtiyarına verilən, onların sevə-sevə mütaliə etdikləri bir dərgi dayanmadan, yorulmadan fəaliyyətini davam etdirir. Son iyirmi ildə müxtəlif adda neçə belə jurnal işıq üzü görüb, amma əksəriyyəti mənzili başa vurmamış yarı yolda “ağ bayraq” qaldırıblar, ya maliyyə imkanları tükənib, ya yaradıcılıq səyləri, enerjiləri, ya da lap əvvəldən gözə görünmək eşqinə bir-iki nömrəsi nəşr olunub, bir sözlə, oxucunun hər ay ya hər fəsil intizarla gözlədiyi jurnalların sayı o qədər də çox deyil. “Yada düşdü” jurnalı isə on beş ildir nəşr olunur və bu müddət ərzində 51 dəfə oxucuların zövqünü, bədii-estetik tələbatını ödəməyə çalışıb. Bu jurnalın ən sadiq oxucularından biri kimi qətiyyətlə deyə bilərəm ki, “Yada düşdü” bu gün Azərbaycanda ən çox sevilən, hər nömrəsinin çapı intizarla gözlənilən dərgilərdən biridir.
İndiki dövrdə rəngli, şəkilli, yüksək çap formatı ilə jurnal nəşr etmək çətindir, bunun üçün təkcə maliyyə vəsaitimi lazımdır? Yox, ən başlıcası, o jurnalı təsis edən şəxsin məramı gərək aydın olsun, bilsin ki, onun istəyi geniş oxucu auditoriyasının istəyi ilə necə uyğunlaşır.
“Yada düşdü”nün təsisçisi Nəzakət Məmmədovadır: şair, publisist. Doğrusu, ilk nömrəsi işıq üzü görəndə təəccüblənənlər çox oldu. Adətən, bu tipli jurnalları kişilər nəşr edir. Təsisçi onlar olur. Amma gəlin, söhbəti bu dairədən uzaqlaşdıraq. Nəzakət xanımın ədəbi vətənpərvərliyi, yüksək ziyalı mədəniyyəti “Yada düşdü”nü yaşadan amillərdən biridir. Qocaman yazıçı-publisist Nahid Hacızadə,itedadlı yazarlar Zülfüqar Şahsevənli və Zöhrə Fərəcovanın əməkdaş olduqları “Yada düşdü” təkcə göz oxşayan tərtibatına görə deyil, həm də, ən başlıcası, dərc edilən materialların səviyyəli olmasına görə də seçilir.
Azərbaycan ədəbiyyatının ən çox oxunan janrlarından biri xatirə-memuar yazılardır. Xüsusi tədqiqat obyekti ola biləcək bu tipli ədəbi-bədii nümunələrin yaranma tarixi o qədər də qədim deyil, əsasən XX əsrin əvvəllərindən başlayaraq memuar səciyyəli əsərlər yaranır. Cəlil Məmmədquluzadənin, Abdulla Şaiqin, Yusif Vəzirin, M.S.Ordubadinin, Ömər Faiq Nemanzadənin, sovet dövründə isə İlyas Əfəndiyevin, Manaf Süleymanovun, Qılman İlkinin, Hüseyn Abbaszadənin, Anarın, Elçinin, Sabir Rüstəmxanlının, Sabir Azərinin və bnın xatirə yazıları ilə başlayan memuar ədəbiyyatı yeni nümunələrlə zənginləşdi. Xatirə romanlar, povestlər, publisistik əsərlər meydana gəldi. Təkcə elə Səməd Vurğun və onun ömür yolu haqqında neçə yazının adını çəkmək olar. İlyas Əfəndiyevin “Geriyə baxma, qoca” romanı isə bu tipli əsərlər üçün bir növ, ədəbi nümunə oldu. Çünki memuar ədəbiyyatını sırf avtobioqrafik – tərcümeyi-hal xarakterli əsərlər kimi dərk edənlər az deyildi, hətta yazıçıların, ədiblərin bir çoxu məhz öz tərcümeyi- hallarını qələmə almaqla guya “xatirə” ədəbiyyatı yaradırdılar. Ancaq son iyirmi-otuz ildə bu janrın dəqiq sərhədləri müəyyənləşmişdir. Elə “Yada düşdü” jurnalında çap olunan müxtəlif səpkili yazılarda bunu müşahidə etmək olar.
Qeyd edək ki, “Yada düşdü” Azərbaycan mətbuatı tarixində xatirə ədəbiyyatı nümunələrini çap edən ilk və hələlik yeganə jurnaldır.
Xatirə ədəbiyyatı ədəbi şəxsiyyətlər, onların həyat və yaradıcılıq yolunu əks etdirir. Biz yazıçıların əsərlərini sevə-sevə oxuyur, illər boyu bu əsərlərin təsiri ilə yaşayır və onları təbliğ edirik. Ancaq həmin əsərləri qələmə alan yazıçıların şəxsiyyəti, onların ömür yolu haqqında demək olar ki, qısa tərcümeyi-haldan başqa heç nə bilmirik. Amma xatirə ədəbiyyatı (istər bunu müəllifin özü yazsın, istərsə də başqası onun haqqında) yazıçı şəxsiyyəti haqqında tam və dolğun təsəvvür yaratmağa kömək edir.
“Yada düşdü” jurnalını vərəqləyək. Bu jurnalda ən fəal müəlliflərdən biri görkəmli yazıçı-publisist, uzun müddət Azərbaycan Radio və Televiziya şirkətində məsul vəzifələrdə çalışmış mərhum Nahid Hacızadə idi. Onun müasiri olduğu ustad sənətkarlarla yaradıcılıq ünsiyyəti sonralar canlı xatirələrə çevrildi. Xalq yazıçısı İlyas Əfəndiyevə həsr edilmiş “Yazıçıya yazmaq qalacaq” yazısı müasir xatirə ədəbiyyatının ən dolğun nümunələrindən biridir. Bu yazıda böyük yazıçının insani keyfiyyətləri ön plandadır: “İlyas Əfəndiyev xalq ürəyindən qopan sənətkar idi. Onun yaradıcılığı bütünlükdə İnsana, onun ucalığına oxunmuş himndir - sevgi dolu enməz və sönməz bir himn!”
Nahid Hacızadə artıq bu janrda xeyli nümunələr ortaya qoyub və “Yada düşdü”nün demək olar ki, hər nömrəsində onun görkəmli sənətkarların ədəbi portretini, şəxsiyyətini açıqlayan çox maraqlı yazıları ilə qarşılaşırıq. Xalq yazıçısı Süleyman Rəhimova həsr olunan “O illərin işığı” yazısı kiçik bir xatirə kitabı təsiri bağışladı. Süleyman Rəhimov bu yazıda ŞƏXSİYYƏT kimi obrazlaşdırılır. Yaxud Mir Cəlal Paşayevin qələmə aldığı çox səmimi bir yazısı Mir Cəlal müəllim haqqında onun bir insan və şəxsiyyət kimi özünəməxsusluğu barədə çox yazılar oxumuşam, amma Nahid müəllimin yazısı daha çox xoşuma gəldi.
“Yada düşdü”də çox belə yazının adını çəkə bilərəm: ilk növbədə tanınmış yazıçı-publisist Elmira Axundovanın ulu öndərimiz Heydər Əliyevə həsr olunan silsilə yazılarını xatırlaya bilərəm. Etiraf edək ki, ulu öndər haqqında qələmə alınan bir sıra yazılardan fərqli bir yazıdır Elmira xanımın xatirələri. Burada Heydər Əliyevlə bilavasitə ünsiyyətdə olan görkəmli şəxsiyyətlərin fikir və mülahizələri mühüm yer tutur.
Jurnalın ötən saylarında Teymur Əhmədovun Mirzə İbrahimovla bağlı yazıları, Qərib Mehdinin “Fikri qocalmamışdı” (Gəray Fəzli haqqında), “Dərdin təqib etdiyi şair"! (H.Arif haqqında), Çabir Arazlı Özgünün “Bizdən sa- lam olsun Musa Yaquba” (məktub- poema), Maarimfə Hacıyevanın “Əhməd Elbrusu xatırladım”, Barat Vüsalın Xəlil Rzaya həsr olunan “Prometeyin qayıtması, yaxud Od, İldırım ömrü” yazıları dərhal öz oxucusunu tapdı. Səmimiyyətdən yoğrulan bu yazılarda məhz Şəxsiyyətlər tanıdılır. Mərhum yazıçımız Cəmil Əlibəyovun Azərbaycan radiosunun 85 illiyinə həsr etdiyi yazını həyəcansız oxumaq mümkünmü?
Əlbəttə, mənim məqsədim heç də o demək deyil ki, “Yada düşdü” jurnalında dərc edilən yazıların icmalını verəm, bu yazıları mövzular üzrə qruplaşdıram. Yoxl Sadəcə olaraq belə bir jurnalın artıq oxucular arasında rəğbət doğurduğunu, sevdiyini xatırladım. Amma “Yada düşdü” təkcə xatirə ədəbiyyatı çap edən bir jurnal deyil. “Yada düşdü”də həm də ikinci bir qat diqqəti cəlb edir: burada müasir yazarlarımızın hekayələri, şeirləri, səyahəd qeydləri də öz əksini tapər. Ötən illərin ən gözəl şeirləri də jurnala bir nostalji ruhu aşılayır.
Jurnalın daimi müəllifləri var: Qəzənfər Paşayev, Salatın Əhmədli, Əbülfət Mədətoğlu, Qədir Tərtərli, Şəfəq Nasir, Əlövsət Bəşirli, Böyükxan Bağırlı, Maarifə Hacıfyeva, Şəmistan Nəzirli Və əlbəttə, bu gözəl dərgiyə məftunluğum məni də onun daimi müəllimflərindən birinə çevirdi. Mən ədəbi şəxsiyyətlər haqqında silsilə yazılarımı “Yada düşdü”də görür və sevinirəm.
Öncə söylədim ki, “Yada düşdü” ədəbi-bədii, nostalji jurnalın hər bir sayı oxucular üçün maraq doğurur. Jurnalın təkcə rəngarəng fotoları deyil, orada gedən bədii, publisistik və elmi yazıların səviyyəsi diqqəti cəlb edir. Mən jurnalın iki sayı haqqında bir qədər ətraflı söz açmaq istəyirəm. 2022-ci ilin 3-cü sayı bütünlüklə ədəbi gəncliyin axtarışlarına həsr olunub. Jurnalın təsisçisi – baş redaktoru Nəzakət Məmmədli baş məqalədə (“Gənclər potensial gücdür”) yazır: “Tam səmimi etiraf etməliyik ki, artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəsil formalaşıb. Biz də “Yada düşdü” jurnalı vasitəsilə gənclərə meydan verir, onların real gücə çevrilmələrinə şərait yaradırıq”. Və “Yada düşdü” jurnalının hər bir sayında gənc ədəbi qüvvələrə meydan verildiyinin şahidi oluruq.
Jurnalın bu sayında son 20 ildə ədəbiyyata gələn cavanların şeir və hekayələri təqdim olunur. Qeyd edim ki, son ədəbi gənclik öz səs və nəfəsiylə, üslub şaxəliliyi ilə yaddaşa köçmək iqtidarındadırlar. Onların yazılarında müxtəlif “izimlərin”, ədəbi cərəyanların təsirini hiss edirsən.
Vətən müharibəsi qazisi Həsən Kürün şeirləri bir gəncin (əslində, müharibədə döyüşən əksər gənclərin) daxili, mənəvi-ruhi düşüncələrini əks etdirir. Xüsusilə, onun cəbhə xatirələri, bu xatirələrin doğurduğu inam, kövrək hisslər təbiidir.
Şəhriyar Del Gerani “Unudulmağın şeirini” yazır, xatırlanmağını da, təəssüfünü də şeirin özəyinə çevirir. O da mənim həmişə diqqət mərkəzim olan cavan şairlərdən biri – Ramil Əhməd, daha sonra Ruslan Dostəli, Ümid Nəccari, İntiqam Yaşar, Şahanə Müşfiq, Nigar Arif müasir şeir mədəniyyətinə yiyələnirlər. Təvəkkül Boysunarın, Orxan Həsəninin, Səma Muğannanın hekayələri də onların gələcəyinə (daha gözəl əsərlər yazmağına) ümid yaradır.
Jurnalın 2024-cü il 2-ci sayında üz qabığında dahi Füzulinin əksi canlanır. Amma bu sayda jurnalınbundan əvvəlki bütün sayları üçün səciyyəvi olan mövzularda yazılar təqdim edilib. Daha çox unudulmayan söz adamlarının – sənətkarların xatirəsi yad olunur. Baxın: Lütfiyyə Əsgərzadə - “Heydər Əliyev və Hüseyn Cavid”, Dilarə Adilgül – “Şəxsiyyət yazıçı”, Barat Vüsal – “Unudulmaz sağlıq” – bu yazılar sanki vəfat edən insanlardan deyil, canlı, yaşayan insanlardan söz açır. Və “Yada düşdü”nün bu sayında Qulu Ağsəsin, Təranə Turanın, Nazim Əhmədlinin şeirləri, Salatın Əhmədlinin hekayələri də maraqla oxunur.
Mən “Yada düşdü” jurnalına, ilk növbədə, Nəzakət xanıma, onun əməkdaşlarına yaradıcılıq uğurları arzulamaqla sözümü bitirirəm. Amma “Yada düşdü”nün sözü hələ bitməyib.